Küçə və bazarlarda satılan nar şirəsi sağlamlıq üçün faydalıdır, yoxsa zərərli?

Bakı küçə və bazarlarında satılan hazır nar şirəsinin sağlamlıq üçün təhlükəli olub-olmaması müzakirə olunur. Həkimlər yuyulmamış meyvədən sıxılan şirənin ciddi risklər yaratdığını bildirir.

80

Payız-qış mövsümünün ən çox alınan məhsullarından biri olan nar şirəsi Bakı küçə və bazarlarında böyük tələbat görür. Lakin hazır şəkildə satılan bu məhsulun təhlükəsizliyi ilə bağlı müzakirələr dayanmaq bilmir.

Şəhər sakinlərinin mövqeləri fərqlidir. Bəziləri nar şirəsini “təbiətin qanı” adlandıraraq müntəzəm şəkildə istifadə etdiklərini bildirir və yalnız etibarlı satıcılardan almağa çalışdıqlarını deyirlər. Digər hissə isə gigiyena səbəbindən açıq satışda təklif olunan şirədən imtina edir. Onların sözlərinə görə, meyvələr çox vaxt yuyulmur, satıcılar sanitariya qaydalarına əməl etmir və şirəni evdə sıxmaq daha təhlükəsizdir.

Satıcılar isə tələbatın artdığını deyir və bir litr nar şirəsinin qiymətinin hazırda 4–5 manat olduğunu bildirirlər. Onların sözlərinə görə, bu miqdar şirə üçün təxminən 15 nardan istifadə olunur və şübhəsi olan müştərilərə proses yerində nümayiş etdirilir.

Həkim Ağadadaş Rəşidov hazır nar şirəsinin xüsusilə yuyulmamış meyvədən hazırlanması halında ciddi sağlamlıq riski yaratdığını vurğulayır. Onun sözlərinə görə, nar qabığında çoxlu bakteriya olur və bu mikroorqanizmlər bağırsaq pozğunluqlarına səbəb ola bilər. Həkim həmçinin plastik qabda saxlanılan şirənin bir neçə saat sonra fermentasiyaya uğradığını, şüşə qabda isə maksimum iki gün saxlamaq lazım olduğunu bildirir.

Mütəxəssis əlavə edir ki, hətta keyfiyyətli nar şirəsi belə normadan artıq içildikdə ziyan verə bilər. Gündə bir stəkandan çox istifadə mədə-bağırsaq sistemini qıcıqlandıra, qan şəkərini yüksəldə və diş minasına təsir göstərə bilər.