Kuba sahillərində silahlı toqquşma: ABŞ-dan gələn sürət qayığında 4 nəfər öldürüldü

Kuba təhlükəsizlik qüvvələri ərazi sularında polisə atəş açan ABŞ çıxışlı sürət qayığına qarşı əməliyyat keçirib. Hadisə nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

49

Kuba təhlükəsizlik qüvvələri ölkənin ərazi sularında “dayan” xəbərdarlığına tabe olmayan və polis katerinə atəş açan ABŞ çıxışlı sürət qayığına qarşı əməliyyat keçirib.

Kuba Daxili İşlər Nazirliyinin açıqlamasına görə, insident nəticəsində qayıqda olan 4 nəfər ölüb, aralarında 1 Kuba təhlükəsizlik əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Hadisə Villa Klara əyalətinə bağlı Falkones adacığı istiqamətində qeydə alınıb. Məlumata əsasən, Florida ştatından yola çıxan “FL7726SH” qeydiyyat nişanlı sürət qayığı təhlükəsizlik qüvvələrinin “dayan” əmrinə məhəl qoymayıb və qarşı tərəfə atəş açıb, bundan sonra silahlı toqquşma baş verib. Yaralıların hamısının təxliyə edilərək tibbi yardım aldığı bildirilib.

Kuba prezident ofisi “X” sosial şəbəkəsində yayımladığı bəyanatda ölkənin suverenliyinin və regional sabitliyin qorunması üçün ərazi sularının müdafiə olunacağı vurğulanıb. Kuba hökuməti qayıqda olan 10 nəfərin əksəriyyətinin cinayət və zorakılıq keçmişinə malik olduğunu, onların ABŞ-da yaşayan silahlı kubalılar olduğunu və adaya sızaraq terror aktları törətməyi planlaşdırdıqlarını iddia edib. Hökumət 10 nəfərdən 7-sinin şəxsiyyətinin müəyyən edildiyini, ölənlərdən birinin Miçel Orteqa Kasanova olduğunu, digərlərinin kimliyinin isə araşdırıldığını açıqlayıb. Bildirilib ki, silahlı sızma əməliyyatını koordinasiya etməkdə şübhəli bilinən Duniel Hernandez Santos saxlanılıb və ifadə verib. Hadisəyə münasibət bildirən Marko Rubio ABŞ qurumlarının məsələni araşdırdığını, açıq dənizdə bu cür silahlı toqquşmaların olduqca nadir hadisə olduğunu qeyd edib.