Yaxın Şərqdə artan gərginlik fonunda su infrastrukturu yeni hədəfə çevrilir. Bəhreyndə duzsuzlaşdırma zavoduna pilotsuz uçuş aparatı ilə edilən hücum regionda şirin su təminatı ilə bağlı ciddi təhlükələr yarada biləcəyi barədə narahatlıqları artırıb.
Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə yerləşən duzsuzlaşdırma zavodlarından birinin pilotsuz uçuş aparatı ilə vurulduğunu açıqlayıb. Rəsmi məlumata görə, hücum İran mənşəli dron vasitəsilə həyata keçirilib və nəticədə obyektin infrastrukturu zədələnib.
Hadisə Yaxın Şərqdə müharibənin yeni və son dərəcə həssas istiqamətə – su infrastrukturuna yönəldiyini göstərir.
Körfəz regionunda duzsuzlaşdırma zavodları həyat üçün kritik əhəmiyyət daşıyır. Bu ölkələrdə təbii şirin su ehtiyatları çox məhduddur və bəzi ərazilərdə illik yağıntının həcmi 100 millimetrdən belə azdır. Bu səbəbdən region ölkələri içməli su təminatında əsasən dəniz suyunun duzsuzlaşdırılması texnologiyasına güvənir.
Qətər bu sahədə ən yüksək asılılığa malik ölkə hesab olunur. Ölkədə içməli suyun demək olar ki, 100 faizi duzsuzlaşdırma zavodlarında istehsal olunur. Küveyt və Bəhreyndə bu göstərici təxminən 90 faiz, Oman isə 86 faiz təşkil edir. Regionun ən böyük iqtisadiyyatı olan Səudiyyə Ərəbistanında belə şirin suyun təxminən 70 faizi bu texnologiya vasitəsilə əldə edilir.
Bu zavodlar gündə milyonlarla kubmetr su istehsal edir. Məsələn, təkcə Səudiyyə Ərəbistanı gündə 7 milyondan çox kubmetr duzsuzlaşdırılmış su istehsal edir ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Körfəz ölkələrində böyük şəhərlərin su təchizatı, sənaye müəssisələri və enerji sektoru məhz, bu sistemlərdən asılıdır.
Ekspertlər bildirirlər ki, belə obyektlərə ardıcıl zərbələr endirilərsə, region ölkələri qısa müddət ərzində ciddi su çatışmazlığı ilə üzləşə bilər. Körfəz şəhərlərinin bir çoxunda içməli su ehtiyatları rezervuarlarda cəmi bir neçə gün və ya həftəlik həcmdə saxlanılır. Zavodların fəaliyyətinin dayanması milyonlarla insanın su təminatına birbaşa təsir göstərə bilər.
Su infrastrukturu yalnız məişət sahəsi üçün deyil, sənaye və energetika sektorları üçün də həyati əhəmiyyət daşıyır. Neft emalı zavodları, elektrik stansiyaları, kimya sənayesi və şəhər infrastrukturu böyük həcmdə suya ehtiyac duyur. Bu səbəbdən duzsuzlaşdırma zavodları regionun strateji infrastrukturunun əsas elementlərindən biri hesab olunur.
Bu fonda digər bir hadisə də diqqət çəkib. Məlumatlara görə, İranın Hörmüz boğazında yerləşən strateji Qeşm adasında fəaliyyət göstərən duzsuzlaşdırma qurğusuna da hücum edildiyi bildirilib. Həmin obyekt İranın cənub bölgələrinin su təminatında mühüm rol oynayır.
İran Körfəz ölkələri qədər duzsuzlaşdırma texnologiyasından asılı olmasa da, ölkənin cənub sahil bölgələrində istehlak edilən şirin suyun təxminən 30 faizi məhz bu zavodlar vasitəsilə əldə edilir.
Fars körfəzi boyunca yerləşən onlarla iri duzsuzlaşdırma kompleksi regionun su təhlükəsizliyinin əsasını təşkil edir. Bu obyektlərin bir hissəsi gündə 300 min ilə 1 milyon kubmetr arasında su istehsal etmək gücünə malikdir. Belə zavodların sıradan çıxması təkcə bir şəhərin deyil, bütöv regionun su təminatına təsir göstərə bilər.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Körfəz regionunda adambaşına düşən təbii şirin su ehtiyatı ildə 500 kubmetrdən azdır. Müqayisə üçün qeyd edilir ki, qlobal orta göstərici təxminən 6000 kubmetr təşkil edir.
Analitiklər hesab edirlər ki, su infrastrukturuna yönəlmiş hücumlar Yaxın Şərqdə münaqişənin ən təhlükəli mərhələlərindən birinə çevrilə bilər. Çünki bu cür zərbələr milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərən strateji sistemləri hədəf alır.