Konqo Demokratik Respublikasında mədən uçqunu: azı 226 işçi öldü

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində koltan mədənində baş verən uçqun nəticəsində azı 226 mədən işçisi həyatını itirib. Axtarış-xilasetmə işləri çətinliklə aparılır.

56

Konqo Demokratik Respublikasında mədən qəzası böyük insan itkisinə səbəb olub. Ölkənin Şimali Kivu əyalətinin Masisi bölgəsində yerləşən koltan mədənində baş verən uçqun nəticəsində ilkin məlumatlara görə ən azı 226 mədən işçisi həyatını itirib.

Yerli mətbuatın yaydığı xəbərlərə əsasən, hadisə Rubaya şəhərində yerləşən koltan mədənində, son günlər müşahidə olunan güclü yağışlar fonunda baş verib. Bildirilir ki, işçilər yeraltı şaxtalarda çalışarkən mədəndə qəfil uçqun qeydə alınıb.

Uçqundan yaralı halda xilas edilən işçilərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Qoma şəhərindəki səhiyyə müəssisələrinə çatdırılıb.

Axtarış-xilasetmə işləri bölgənin nəqliyyat baxımından əlverişsiz olması və mədən fəaliyyətlərinin böyük ölçüdə nizamsız şəkildə aparılması səbəbindən çətinliklə davam etdirilir. Yerli mənbələr bildirir ki, ərazidə mədənçilik fəaliyyəti əsasən nəzarətsiz həyata keçirilir və təhlükəsizlik infrastrukturu demək olar ki, mövcud deyil.

Qeyd edək ki, oxşar hadisə 2025-ci ilin iyun ayında da Masisi bölgəsində baş vermiş, həmin vaxt mədən uçqunu nəticəsində 17 işçi həyatını itirmişdi. Regionda təhlükəsizlik standartlarının zəif olması bu cür faciələrin tez-tez təkrarlanmasına səbəb olur.