Kiprdə Böyük Britaniyaya məxsus hərbi hava bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
MSNews.az-ın “Reuters“ə istinadən yaydığı məlumata görə, martın 2-nə keçən gecə RAF Akrotiri bazası naməlum PUA-nın hücumuna məruz qalıb, nəticədə məhdud maddi ziyan dəyib, ölən və yaralanan olmayıb.
Hadisə ilə bağlı açıqlama verən Kipr prezidenti Nikos Xristodulidis bütün müvafiq dövlət qurumlarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib və ölkəsinin hər hansı hərbi əməliyyatda iştirak etmədiyini vurğulayıb. Onun sözlərinə görə, yerli vaxtla saat 00:03-də İran istehsalı olduğu ehtimal edilən “Şahed” tipli pilotsuz uçuş aparatı bazanın ərazisinə düşərək az miqyaslı zərər yaradıb. “Reuters”-ə danışan mənbələr Böyük Britaniya bazalarının ikinci bir dronu da havada zərərsizləşdirdiyini qeyd edib.
Bu insident 1986-cı ildə Liviya silahlı qruplarının raket hücumundan sonra Britaniyanın Kiprdəki hərbi obyektinə edilən ilk hücum kimi qiymətləndirilir və regiondakı gərginliyin artması fonunda ciddi eskalasiya hesab olunur.
Bazaya yaxın ərazilərdə yaşayan sakinlərə müvəqqəti olaraq evlərində qalmaq tövsiyə edilib, qeyri-vacib personal isə təhlükəsizlik məqsədilə bazadan kənarlaşdırılıb.
Qeyd edək ki, Akrotiri bazası daha əvvəl İraq, Suriya və Yəməndə aparılan hərbi əməliyyatlarda istifadə olunub. Böyük Britaniyanın baş naziri Keir Starmer bundan öncə ABŞ-nin müraciəti əsasında Britaniya bazalarının İran raket anbarları və buraxılış qurğularına qarşı məhdud müdafiə zərbələri üçün istifadəsinə razılıq verildiyini açıqlamışdı.