ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirdiyi çıxışda, dünya liderlərini prezident Donald Tramp qarşısında “diz çökmək”də ittiham edib və ironiya ilə bu liderlər üçün dizlik satdığını bildirib.
Nyusom, liderlərin “Tramp qarşısında daha yaxşı diz çökmələri üçün” nəzərdə tutulmuş dizlikləri 100 dollara satır.

O bildirib ki, bəzi dünya liderləri ABŞ Prezidenti ilə münasibətlərdə lazımınca möhkəm durmayaraq “özünü itirir” və bu vəziyyəti dəyişmək lazımdır. O qeyd edib ki, liderlər Tramp qarşısında cəsarətsiz davranaraq “acınacaqlı” görünürlər.
Kaliforniya qubernatoru həm Avropa, həm də Amerika liderlərini Tramp ilə davranışlarını dəyişməyə çağıraraq, onları daha prinsipial olmağa təşviq edib. O, Trampı “T-Rex”ə oxşadaraq, diplomatlar üçün yüngül davranış tərzinin uğursuz nəticələr verə biləcəyini vurğulayıb.
Nyusom bu çıxışları ilə həm də 2028-ci ildə ABŞ prezident seçkilərində potensial Demokrat namizəd olaraq özünü önə çıxarmağa çalışır.