Jair Bolsonaro reanimasiyaya yerləşdirildi

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro bronxopnevmoniya diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ciddi olduğunu bildirir.

25

Braziliyanın həbsdə olan sabiq prezidenti Jair Bolsonaro pnevmoniyanın ağır forması – bronxopnevmoniya diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Braziliyanın paytaxtı Braziliyada yerləşən DF Star Hospital tərəfindən yayılan tibbi məlumata görə, 70 yaşlı sabiq dövlət başçısı cümə günü səhər saatlarında yüksək hərarət, üşütmə və qanda oksigen səviyyəsinin (saturasiya) aşağı düşməsi səbəbilə xəstəxanaya gətirilib. Həkimlərin bildirdiyinə görə, ona antibiotik müalicəsi tətbiq olunur.

Bolsonaronu müalicə edən həkimlərdən biri olan Brazil Kaiado jurnalistlərə açıqlamasında bildirib ki, keçmiş prezidentin vəziyyəti ciddi qiymətləndirilir və onun ən azı bir neçə gün xəstəxanada qalacağı gözlənilir. Həkimlər hazırda cərrahi müdaxiləyə ehtiyac olmadığını qeyd ediblər.

2019–2022-ci illərdə Braziliyaya rəhbərlik etmiş Bolsonaro son illərdə bir neçə dəfə səhhət problemləri səbəbilə xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq problemlərinin bir hissəsi 2018-ci ildə seçki kampaniyası zamanı bıçaqlanması ilə əlaqələndirilir.

Xatırladaq ki, Bolsonaro 2022-ci il prezident seçkilərində məğlub olduqdan sonra hakimiyyətdə qalmaq üçün dövlət çevrilişi planlaşdırmaq ittihamı ilə məhkəmə tərəfindən təqsirli bilinib. O, seçkilərdə qalib gələn hazırkı prezident Luiz İnasio Lula da Silvaya qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunaraq 27 il müddətinə azadlıqdan məhrum edilib.