İvanişvili-Kobaxidze mübarizəsi meydana çıxa bilər

“Transparency International Georgia”nın rəhbəri Eka Giqauri hakim “Gürcü Arzusu” daxilində İrakli Kobaxidzenin güclənməsinin gələcəkdə Bidzina İvanişvili ilə qarşıdurmaya səbəb ola biləcəyini düşünür.

44

“Transparency International Georgia”nın icraçı direktoru Eka Giqauri Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası daxilində gələcəkdə Bidzina İvanişvili ilə Baş nazir İrakli Kobaxidze arasında hakimiyyət uğrunda mübarizənin yarana biləcəyini iddia edib.

MSNews.az xəbər verir ki, Giqauri sosial şəbəkədəki paylaşımında Kobaxidzenin son illərdə dövlət institutları üzərində təsirini əhəmiyyətli dərəcədə artırdığını və özünə yaxın kadrları müxtəlif strukturlarda yerləşdirdiyini bildirib.

Giqaurinin iddiasına görə, “Gürcü Arzusu” daxilində münasibətlər qarşılıqlı sədaqətdən daha çox qorxu və rəqabət üzərində qurulub. O, İvanişvilinin komandadakı müxtəlif qrupları bir-birinə qarşı balanslaşdırdığını, hazırda isə Kobaxidzenin onun əsas siyasi favoritinə çevrildiyini düşünür.

“Bu gün Kobaxidze istəsə, hətta Bidzinanı belə kənarlaşdıra bilər və ‘Gürcü Arzusu’nda heç kim ona qarşı çıxmağa cəsarət etməz. Buna görə müəyyən müddətdən sonra Kobaxidzenin kənarlaşdırılması tamamilə məntiqli addım ola bilər — əgər özü daha tez davranmasa”, – Giqauri bildirib.

O, həmçinin partiya daxilində insanların “qorxu səbəbindən bir-birini satacağını, xəyanət edəcəyini və çətin vəziyyətdə tək buraxacağını” iddia edib. Giqaurinin fikrincə, Kobaxidze parlament və bir sıra dövlət institutları üzərində böyük təsir toplayıb və bu proses davam edərsə, gələcəkdə onun mövqelərinin zəiflədilməsi İvanişvili üçün belə çətinləşə bilər.