İtaliyada 31 Mart qurbanlarının xatirəsinə Azərbaycan bayrağı qaldırılıb

İtaliyanın Rovereto şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb. Mərasim Miravalle təpəsində, “Maria Dolens” sülh zəngi yanında keçirilib. 

26

Martın 31-də İtaliyanın Rovereto şəhərində, Miravalle təpəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir “Maria Dolens – Müharibə Qurbanları Zəngi” Fondu tərəfindən təşkil olunub və Azərbaycan bayrağı bu sülh və dialoq məkanında qaldırılan 107-ci bayraq olub. Mərasimdə sülh mövzusunda mahnılar səsləndirilib, zəngin önünə əklil qoyulub və 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün əhəmiyyəti vurğulanıb.

Xəbəri MSNews.az AzərTAC-a istinadən verir.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov 1918-ci il hadisələrini xatırladaraq tarixi yaddaşın qorunmasının vacibliyini qeyd edib. O bildirib ki, 31 Mart tarixi təsadüfi seçilməyib və həmin gün on minlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə qətlə yetirilib. Səfir həmçinin xatırladıb ki, 1998-ci ildə bu tarix rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Mərasim Azərbaycan və İtaliya arasında humanitar və tarixi yaddaş mövzularında əməkdaşlığın simvolik nümunəsi kimi qiymətləndirilir. Tədbir Azərbaycan himninin səslənməsi və “Maria Dolens” sülh zənginin çalınması ilə başa çatıb.