İsveç 267 min 570 adası ilə dünyanın ən zəngin ada coğrafiyasına malik ölkələrindən biri hesab olunur.
MSNews.az xəbər verir ki, “Sözcü” İsveçin ada sayı ilə dünyada ilk sırada yer aldığını yazıb. Məlumata görə, ölkədə ümumilikdə 267 min 570 ada qeydə alınıb.
Bu rəqəm İsveç Statistika İdarəsinin rəsmi göstəricilərində də yer alır. Rəsmi statistikaya əsasən, İsveçdəki adaların yalnız 984-də daimi əhali yaşayır.
İsveç daha çox meşələri, gölləri və şimal iqlimi ilə tanınsa da, ölkənin sahil xətti boyunca minlərlə ada, adacıq və qayalıq yerləşir. Mütəxəssislər bu coğrafi xüsusiyyəti əsasən son Buz dövründən sonra baş verən geoloji proseslərlə izah edirlər.
Ölkənin ən məşhur ada bölgələrindən biri Stokholm arxipelaqıdır. Bu ərazi on minlərlə ada və qayalıqdan ibarətdir və yay aylarında həm yerli sakinlər, həm də turistlər üçün populyar istirahət məkanı sayılır.
Adaların böyük hissəsi isə daimi yaşayış üçün istifadə olunmur. Bir çox ada təbii quruluşunu qoruyub saxlayır və yalnız mövsümi istirahət, turizm və qısa müddətli səfərlər üçün ziyarət edilir.
İsveçin rəsmi turizm portalı “Visit Sweden” də ölkədə 267 min 570 ada olduğunu bildirir və İsveçi ada sayına görə dünyada xüsusi mövqeyə malik ölkə kimi təqdim edir.