İsveçdə ifrat sağçı siyasi qüvvələrdən biri sünnətlə bağlı ciddi mübahisələrə səbəb olan təşəbbüslə çıxış edib. Məlumata görə, partiya nümayəndələri müsəlman icması üçün sünnətin qadağan edilməsi, lakin yəhudilər üçün dini ənənə kimi istisna saxlanılması təklifini irəli sürüb.
Təklif ölkədə geniş rezonans doğurub və həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında kəskin müzakirələrə səbəb olub. Tənqidçilər bildirirlər ki, bu cür yanaşma açıq şəkildə dini ayrı-seçkilik yaradır və Avropa hüquq sistemində əsas prinsiplərdən sayılan bərabərlik və dini azadlıqlarla ziddiyyət təşkil edir.
İfrat sağçı dairələr isə təşəbbüsü uşaqların hüquqlarının qorunması ilə əsaslandırır. Onların fikrincə, tibbi zərurət olmadan həyata keçirilən müdaxilələr məhdudlaşdırılmalıdır. Bununla yanaşı, yəhudi icmasına istisna verilməsi məsələsi isə daha da mübahisəli məqam kimi qiymətləndirilir.
Ekspertlər qeyd edirlər ki, sünnət mövzusu Avropada uzun illərdir hüquqi və etik müzakirələrin predmetidir. Bir tərəf bunu dini azadlıqların ayrılmaz hissəsi hesab etdiyi halda, digər tərəf uşaqların bədən toxunulmazlığı prizmasından yanaşır.
Analitiklərin fikrincə, İsveçdə irəli sürülən bu təklif yalnız hüquqi məsələ deyil, həm də immiqrasiya siyasəti, multikulturalizm və dini müxtəliflik mövzularını yenidən gündəmə gətirir. Bu səbəbdən təşəbbüsün yaxın dövrdə siyasi debatların əsas mövzularından birinə çevriləcəyi gözlənilir.