İsveçli dizaynerlər kənd və bağ evləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı “Klumpen” adlı modul layihəsini təqdim ediblər. Müasir texnologiyalarla təchiz olunan bu qurğu tualet, duş, yay mətbəxi, enerji mənbəyi və rabitə nöqtəsini bir sistemdə birləşdirir.
Layihə, xüsusilə, kənd yerlərində və ya infrastrukturu zəif olan ərazilərdə yerləşən yay evləri üçün nəzərdə tutulub. Bu tip evlərdə çox vaxt kanalizasiya, isti su və ya enerji kimi əsas məişət imkanları olmur. Klumpen modulu isə bu problemi kompakt və müstəqil sistemlə həll etməyi hədəfləyir.

Modulun dizaynı piramidaya bənzəyir və görünüşü Şimal xalqlarının çumlarına və ya hinduların vigvam tipli çadırlarına bənzədilir. Qurğunun hündürlüyü təxminən 4,85 metr, daxili sahəsi isə təxminən 7 kvadratmetr təşkil edir.
Texniki təchizat baxımından modulda bir sıra sistemlər quraşdırılıb. Buraya təmiz su üçün əsas çən, su qızdırıcısı, çirkab suyun təmizlənməsi üçün filtrasiya sistemi və həm isitmə, həm də kondisioner funksiyasını yerinə yetirən istilik nasosu daxildir.
Enerji təminatı üçün modulun fasad hissələrinə günəş panelləri yerləşdirilib. Sistem həmçinin ümumi tutumu 7,5 kVt/saat olan üç batareya, eləcə də, 230 volt elektrik çıxışı verən inverter ilə təchiz edilib. Qurğunun yuxarı hissəsində mobil rabitə və peyk interneti üçün antenlər quraşdırılıb.
Klumpen modulunun daxilində duş kabinəsi və unitaz yerləşir. Bundan başqa, modulda lavabo, iki gözlü elektrik plitəsi və mikrodalğalı soba ilə təchiz olunmuş kiçik yay mətbəxi də var. Bu mətbəxə giriş modulun xarici hissəsindən həyata keçirilir.
Layihə müəlliflərinin sözlərinə görə, modulun sahəyə quraşdırılması və bütün sistemlərin istifadəyə hazır vəziyyətə gətirilməsi 24 saatdan az vaxt tələb edir. Hazırda istehsalçılar sifariş qəbul edir və ilk modulların 2026-cı ilin sentyabrında müştərilərə çatdırılacağını bildirirlər.
Bununla belə, layihənin qiyməti kifayət qədər yüksək hesab olunur. Klumpen modulunun qiyməti hazırda 35 min dollar təşkil edir. Avropa İttifaqı daxilində çatdırılma üçün isə əlavə 3 min dollar ödənilməlidir. Bundan əlavə, “ekstremal şərait” üçün nəzərdə tutulmuş xüsusi alüminium versiyanın qiyməti 198 min dollara qədər yüksəlir.
Ekspertlər qeyd edirlər ki, bu qiymətə bəzi ölkələrdə artıq bütün məişət şəraiti olan kiçik mobil evlər də almaq mümkündür.