İstanbulda konsulluğa hücum edənlərin kimliyi məlum oldu

İstanbulda İsrail Konsulluğu yaxınlığında polisə silahlı hücum edən 3 şəxsin kimliyi açıqlanıb. Hadisədə 1 hücumçu öldürülüb, 2 nəfər yaralı saxlanılıb. 

17

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda İsrail Konsulluğunun yerləşdiyi bina yaxınlığında polisə atəş açan 3 nəfərin kimliyinin müəyyənləşdirildiyini açıqlayıb. “Sözcü“-nün yazdığına görə, həmin şəxslər Onur Ç., Enes Ç. və Yunus E.S. olaraq göstərilib. 

Məlumata görə, silahlı insident İstanbulun Levent bölgəsində, İsrail Konsulluğunun yerləşdiyi bina önündə baş verib. “Reuters” yazır ki, atışma təxminən 10 dəqiqə davam edib və hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb. “Associated Press” hücum edənlərin uzun lüləli silahlar daşıdığını və polislə qarşıdurmaya girdiyini bildirib.

“Sözcü”-nün xəbərinə əsasən, əməliyyat zamanı Yunus E.S. ölü ələ keçirilib, yaralı yaxalanan Onur Ç.-nin isə narkotiklə bağlı keçmiş məhkumluğu olduğu qeyd olunub. İki hücumçunun qardaş olduğu, onların İzmitdən kirayə avtomobillə İstanbula gəldiyi və şəxslərdən birinin “dindən sui-istifadə edən” qrupla bağlantısının araşdırıldığı bildirilir.

Hadisə zamanı İsrail tərəfinin konsulluqda əməkdaşlarının olmadığı da açıqlanıb. İsrail diplomatları 2023-cü ildən bəri təhlükəsizlik səbəbilə Türkiyədəki missiyalarını tərk ediblər və insidentlə bağlı araşdırma başladılıb.