İsrailin süni intellekt sistemi İran liderlərini necə hədəfə aldı?

"The Washington Post" yazır ki, İsrail İran liderlərini izləmək və zərərsizləşdirmək üçün süni intellekt əsaslı kəşfiyyat platformasından istifadə edib.

11

İsrail İran rəhbərliyinə qarşı həyata keçirilən əməliyyatlarda süni intellekt əsaslı yeni kəşfiyyat platformasından istifadə edib.

Xəbəri MSNews.az “The Washington Post” nəşrinə istinadən verir.

Məlumata əsasən, İsrail Müdafiə Qüvvələri (SAXAL) tərəfindən tətbiq olunan bu sistem böyük həcmli məlumatları analiz edərək yüksək dəqiqlikli hədəf müəyyənləşdirməyə imkan yaradır. Bildirilir ki, ötən il baş verən 12 günlük hərbi qarşıdurma zamanı bu texnologiya geniş şəkildə sınaqdan keçirilib və eyni vaxtda bir neçə hərbi fiqura qarşı zərbələr endirilib.

Rəsmi mənbələrin sözlərinə görə, bəzi hallarda əldə edilən kəşfiyyat məlumatları o qədər dəqiq olub ki, raketlər hədəflərin hərəkət trayektoriyasına uyğun olaraq uçuş zamanı istiqamətini dəyişə bilib.

Hesabatda qeyd olunur ki, İsrail kəşfiyyatı təxminən bir il ərzində İranın beş əsas hərbi və siyasi liderini izləyib və onların yerləşdiyi məkanlar barədə davamlı məlumat əldə edib. Bu məlumatlar həm kiberkəşfiyyat bölmələri, həm də Tehrandakı agent şəbəkəsi vasitəsilə toplanıb.

Nəşrin yazdığına görə, əldə edilən məlumatların effektiv şəkildə emalı məhz süni intellekt platformasının köməyi ilə mümkün olub və bu texnologiya son onilliyin ən mühüm kəşfiyyat nailiyyətlərindən biri hesab olunur.