İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri üçün xüsusi təyyarə ayrılmadığı, onun adi kommersiya reysi ilə Bakıya gəldiyi bildirilir.
MSNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo” “APA” agentliyinə istinadən məlumat yayıb.
Məlumata əsasən, İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı–Tel-Əviv–Bakı marşrutu üzrə həyata keçirilən kommersiya reysindən istifadə ediblər. Bildirilir ki, nümayəndə heyətinin üzvləri digər sərnişinlər kimi bilet alaraq Azərbaycana gəliblər.
Beləliklə, səfər üçün ayrıca xüsusi təyyarə və ya əlavə uçuş təşkil edilmədiyi qeyd olunur.
İsrail Prezidentinin Bakıya səfəri Türkiyədə də müzakirələrə səbəb olub. Bəzi dairələr Hersoqun Azərbaycana gələrkən Türkiyə hava məkanından istifadə etməsini tənqid ediblər.
“APA”nın məlumatında bu iddialara cavab olaraq bildirilib ki, söhbət dövlət başçısı üçün təşkil edilmiş xüsusi uçuşdan deyil, müntəzəm kommersiya reysindən gedir. Belə reyslərdən müxtəlif ölkələrin vətəndaşları istifadə edə bilərlər.
Bununla yanaşı, uçuşun kommersiya xarakterli olması barədə məlumat Azərbaycan mediasının istinad etdiyi mənbələrə əsaslanır. İsrail Prezidentinin rəsmi açıqlamasında isə səfərin məqsədi və proqramı təsdiqlənsə də, istifadə olunan reysin kommersiya statusu ayrıca göstərilməyib.
Qeyd edək ki, İsxak Hersoq oktyabrın 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Bakıya gəlib.
Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Tərəflər Azərbaycan-İsrail münasibətlərini, həmçinin regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.