İsrail polisi kardinalı Müqəddəs Qəbir kilsəsinə buraxmadı

Qüdsdə Palm bazarı günü İsrail polisi Latın patriarxı kardinal Pierbattista Pizzaballanının Müqəddəs Qəbir kilsəsinə girişinə mane olub. Hadisə beynəlxalq etirazlara səbəb olub.

7

Qüdsdə Palm bazarı günü ciddi qalmaqal yaşanıb; İsrail polisi təhlükəsizlik səbəblərini əsas gətirərək Yerusəlimin Latın patriarxı kardinal Pierbattista Pizzaballanının Müqəddəs Qəbir kilsəsində ayinə qatılmasına mane olub. Yerusəlim Latın Patriarxlığının açıqlamasında bildirilib ki, kilsə rəhbərlərinin Palm bazarı ayinini burada icra etməsinə “əsrlər sonra ilk dəfə” imkan verilməyib.

Məlumata görə, kardinal Pierbattista Pizzaballa və rahib Françesko İelpo kilsəyə piyada gedərkən polis tərəfindən saxlanılıblar. Xristian inancına görə, Müqəddəs Qəbir kilsəsi İsa Məsihin çarmıxa çəkildiyi və dirildiyi məkanın üzərində tikilib. Buna görə də Palm bazarı günü burada keçirilən mərasimlər xristian dünyası üçün xüsusi əhəmiyyət daşıyır.

İsrail polisi qərarı ABŞ-İsrail ilə İran arasında davam edən müharibə fonunda təhlükəsizlik riskləri ilə izah edib. Rəsmi açıqlamada bildirilib ki, Qüdsün Köhnə Şəhərində yerləşən və sığınacaq imkanı olmayan müqəddəs məkanlar ibadət edənlərin üzünə bağlanıb. Polis həmçinin Patriarxlığın Palm bazarı üçün istisna tətbiq edilməsi xahişini rədd etdiyini açıqlayıb.

Qeyd olunub ki, Köhnə Şəhərin dar küçələri və mürəkkəb quruluşu kütləvi insident halında xilasetmə texnikasının operativ daxil olmasını çətinləşdirir. Buna görə polis böyük insan izdihamının həyat üçün real təhlükə yarada biləcəyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə sonradan yayılan açıqlamasında hadisədə “heç bir pis niyyət olmadığını” deyib. Onun sözlərinə görə, məqsəd yalnız kardinalın və onunla olan şəxslərin təhlükəsizliyini təmin etmək olub. Netanyahu yaxın günlərdə kilsə rəhbərlərinin ibadət etməsi üçün şərait yaradılacağını da bildirib.

Hadisə beynəlxalq səviyyədə də sərt reaksiya doğurub. İtaliyanın baş naziri Corcia Meloni polis addımını tənqid edib, xarici işlər naziri Antonio Tacani isə İsrailin səfirini çağıracağını açıqlayıb. Fransa prezidenti Emmanuel Makron da qərarı pisləyərək bunu Qüdsdə müqəddəs məkanların statusunun pozulması hallarının artmasının bir hissəsi kimi qiymətləndirib. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi isə kardinalın Palm bazarı günü kilsəyə buraxılmamasını “izahı və əsaslandırılması çətin” addım adlandırıb.

Palm bazarı xristian təqvimində Müqəddəs Həftənin başlanğıcı sayılır və Pasxaya aparan ən mühüm dini günlərdən biridir. Bu il isə yalnız xristianlar deyil, müsəlmanlar və yəhudilər də Qüdsdəki məhdudiyyətlərdən təsirləniblər. Ramazan dövründə Əl-Əqsa məscidində, Pesax öncəsi isə Qərb divarında iştirakın ciddi şəkildə azaldığı bildirilir.

Bununla yanaşı, Köhnə Şəhərdə yaşayanlar və dini dairələr polis qaydalarının hər yerdə eyni şəkildə tətbiq olunmadığını deyirlər. Onların sözlərinə görə, Ramazan və Fitr bayramı zamanı bəzi vəqf nümayəndələrinin Əl-Əqsa məscidinə daxil olmasına icazə verilib, həmçinin Pesax öncəsi Qərb divarında təmizlik işləri aparılıb. Palm bazarı günü fransiskan rahibləri və bəzi ibadət edənlər Köhnə Şəhərdə yerləşən başqa bir ziyarətgahda mərasim keçirə biliblər.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031