İsrail ordusunda onlayn mərc qalmaqalı

İsraildə bir neçə ehtiyatda olan hərbçinin orduya məxsus gizli məlumatlardan onlayn mərc saytlarında istifadə etdiyi iddia olunur. Hadisə ilə bağlı ittiham aktı hazırlanıb.

22

İsrail hərbçilərinin orduya məxsus gizli məlumatlardan onlayn mərc saytlarında pul qazanmaq məqsədilə istifadə etdikləri üzə çıxıb.

İsrailin yerli mətbuatında yayılan xəbərlərə görə, orduya aid məlumatlardan istifadə edən bir neçə ehtiyatda olan hərbçi və bir mülki şəxs barəsində təhlükəsizlik cinayətləri çərçivəsində ittiham aktı hazırlanıb.

İttihamnamədə bildirilir ki, iki nəfər ehtiyatda olan hərbçinin xidməti vəzifəsi zamanı əldə etdiyi İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus daxili məlumatlardan istifadə edərək onlayn mərc saytında hərbi əməliyyatlarla bağlı mərc edib.

Həmçinin bəzi digər ehtiyatda olan hərbçilər barəsində də araşdırmalara başlanıldığı qeyd olunur.

Sənəddə “dövlət təhlükəsizliyinə zərər vurmaq niyyəti” kimi ittihamların yer almadığı bildirilib. Prokurorluğun Kibercinayətlər Bölməsinin müraciəti əsasında Təl-Əviv Dairə Məhkəməsi ittiham aktının ictimaiyyətə açıqlanmasına icazə verib.

Bundan əvvəl mətbuatda İsrailin təhlükəsizlik qurumlarına məxsus İrana yönəlik hücumlarla bağlı məlumatların mərc saytında istifadə edilmiş ola biləcəyinə dair şübhələrin yarandığı barədə xəbərlər yayılmışdı.