İsrail ordusu Livanda Hizbullaha qarşı hücum əməliyyatına başlayıb. Bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zamir açıqlama verib.
Onun sözlərinə görə, əməliyyat Hizbullahın hərbi infrastrukturu və raket potensialını sıradan çıxarmaq məqsədi daşıyır. Eyni zamanda, İsrail mətbuatı son bir gecə ərzində Hizbullah tərəfindən İsrail ərazisinə 15 raket və 8 pilotsuz uçuş aparatının buraxıldığını bildirib. Məlumata görə, İsrail hava hücumundan müdafiə sistemləri bir sıra hədəfləri zərərsizləşdirib, lakin hücumlar ölkənin şimal bölgələrində təhlükəsizlik səviyyəsini ciddi şəkildə artırıb.
Bunun fonunda ABŞ Senatının respublikaçı üzvü Lindsi Qraham ABŞ prezidenti Donald Trampa İsrailin Hizbullaha qarşı zərbələrinə qoşulmaq çağırışı edib. Senator “X” sosial şəbəkəsində yazdığı paylaşımda bildirib ki, Hizbullah “məğlubiyyət yolunu seçib” və təşkilatın “əllərinin amerikalıların qanına batdığını” iddia edərək, Trampı ABŞ Silahlı Qüvvələrinin bütün gücünü işə salmağa səsləyib. Qeyd edək ki, İsrailin Livandakı Hizbullah mövqelərinə zərbələri regionda gərginliyi daha da artırıb və Yaxın Şərqdə qarşıdurmanın genişlənəcəyi ilə bağlı narahatlıqları gücləndirib.