İsrail mediası Xameneinin iqamətgahına zərbənin detallarını açıqladı

"Ynet" nəşri İsrailin fevralın 28-də İranın ali rəhbəri Əli Xameneinin iqamətgahına endirdiyi zərbənin planı və kəşfiyyat əməliyyatlarının detalları barədə məlumat yayıb.

16

İsrailin “Ynet” nəşri fevralın 28-də Əli Xameneinin iqamətgahına endirilən zərbənin hazırlanması və həyata keçirilməsi ilə bağlı yeni detallar yayımlayıb.

Məlumata görə, zərbə İsrail və İran arasında baş verən 12 günlük müharibə fonunda planlaşdırılmış əməliyyatın bir hissəsi olub. İsrail kəşfiyyatı hücumdan əvvəl İranın hərbi və siyasi strukturlarına dair uzunmüddətli məlumat topladığını iddia edir.

Nəşrin yazdığına görə, müharibədən sonra İran müəyyən nəticələr çıxarıb. Hizbullah və digər müttəfiq qüvvələrin döyüş qabiliyyətinin zəifləməsi səbəbindən Tehran raket arsenalını sürətlə bərpa etməyə, yeni texnologiyalar tətbiq etməyə və istehsal xətlərini gücləndirməyə çalışıb.

Araşdırmada qeyd olunur ki, İran kəşfiyyatı İsrailin iranlı alimləri və hərbi rəhbərləri real vaxtda necə izlədiyini də müəyyən edib. İddialara görə, İsrailin siqnal kəşfiyyatı bölməsi olan “Unit 8200” hədəfləri telefon şəbəkələrini sındırmaq və onların mühafizəçilərinin mobil telefonlarını izləməklə müəyyənləşdirirmiş.

Bu məlumatdan sonra İran tərəfi təhlükəsizlik tədbirlərini sərtləşdirərək həmin telefonları toplayıb və məhv edib. Lakin buna baxmayaraq, İsrail hərbi kəşfiyyatı – AMAN – İran rəhbərliyinin daxilindən məlumat əldə etməyə davam edib.

İsrail tərəfi bildirir ki, əldə olunan məlumatlar son 20 ildə, xüsusilə də son 5 ildə aparılan sistemli kəşfiyyat fəaliyyətinin nəticəsidir. Məlumata görə, Tehranda yerləşən çoxsaylı küçə kameralarının da sındırıldığı və görüntülərin real vaxt rejimində İsrailə ötürüldüyü iddia olunur.

Nəşrin məlumatına əsasən, əməliyyat üç mərhələdən ibarət plan üzrə həyata keçirilib. Birinci mərhələdə İranın ali rəhbərliyini hədəf alaraq idarəetmə sistemini iflic etmək, ikinci mərhələdə hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq, üçüncü mərhələdə isə “Armada” və ya “Genezis Uçuşu” adlandırılan əməliyyatla İranın qərb bölgəsinə daxil olaraq raket qurğuları, yeraltı tunellər və hərbi obyektləri bombardman etmək nəzərdə tutulub.

Məlumata görə, İsrail kəşfiyyatı İranın Ali Milli Təhlükəsizlik Şurasının həftəlik iclasının vaxtını əvvəlcədən dəqiqləşdirib. Bildirilir ki, təhlükəsizlik tədbirləri son dərəcə güclü olsa da, hətta rəhbərlərin yaxın köməkçiləri belə iclasa buraxılmırdı.

İddialara əsasən, səhər saat 06:00-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-16I Sufa” və “F-35I Adir” qırıcıları havaya qalxaraq uzaq məsafədən təxminən 30 ədəd “ROCKS” aeroballistik raketi buraxıb.

Saat 08:10-da – iclas başlayandan təxminən 10 dəqiqə sonra – həmin raketlərin Ali Milli Təhlükəsizlik Şurasının iclas zalını, Xameneinin iqamətgahını və kəşfiyyat nazirliyinin binasını eyni vaxtda vurduğu iddia olunur.