İsrailin “Heksaqon İttifaqı” – Ekspert Novruzəli Yusubzadə açıqladı

Ekspert Novruzəli Yusubzadə MSNews.az-a açıqlamasında İsrailin yeni “Heksaqon İttifaqı”nın regional sabitliyə və Azərbaycan üçün risklərə təsirini şərh edib.

57

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin eksperti Novruzəli Yusubzadə MSNews.az-a İsrail Baş Naziri Benyamin Netanyahunun təklif etdiyi “yeni ittifaq oxu” – yəni “Heksaqon İttifaqı” mövzusunda danışıb.

Ekspert bildirib ki, Netanyahu Hindistanın Baş Naziri Narendra Modi ilə görüş zamanı “Şiə oxu”na qarşı uğurlu mübarizədən sonra, “Sünni oxu”na qarşı da fəaliyyət göstərəcəyini açıqlayıb. Netanyahuya görə bu yeni ittifaq, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan və Suriyaya qarşı yönəlib.

Bu ittifaqın üzvləri açıqlanmasa da, Netanyahu, onların Afrika, Orta Şərq və Qərbi Asiyadan olacaqlarını bildirib. Bu da bizə icazə verir ki, bu dövlətləri təxmin edək. Ekspertə görə bu altılığa: Hindistan, BƏƏ, Somaliland, Cənubi Kipr, Yunanıstan və İsrail daxildir.

Ekspert qeyd edib ki, bu altılıq regional balansı zədələməkdən çox onu sabitləşdirə bilər: “İki qarşı tərəfin yaxın gücdə olması savaşdan çox sabitliyə yol aça bilər.”

Qarşı ittifaqlardan birinin liderliyini Türkiyə üstünə götürdüyü üçün bu proses birbaşa onun marağındadır. Özəlliklə, Hindistan kimi böyük potensialı olan tərəfin burada olması ciddi siqnaldır. Türkiyə bu riskləri aradan qaldırmaq üçün təxminən iki həftədir Afrikada fəaliyyətini ciddi şəkildə artırmaqdadır. İki ittifaqın da zəif halqası Afrikanın şimalı olduğu üçün münaqişə ehtimalı da bu bölgədə çıxa bilər.

Ekspertin fikrincə, Azərbaycan bu iki ittifaqın birbaşa üzvü olmadığı üçün ciddi risklər mövcud deyil. Azərbaycan çalışmalıdır ki, bu rəqabət Cənubi Qafqazda da tərəf seçiminə çevrilməsin. Ən azından, Ermənistanın “Heksaqonu Heptaqona” çevirməsi əngəllənməlidir. Bu cür böyük rəqabət sülh gündəliyini geri plana ata bilər.