İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqını İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.
O, bu bəyanatla Çexiyaya rəsmi səfəri çərçivəsində paytaxt Praqada çexiyalı həmkarı Petr Maçinka ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.
Gideon Saar bildirib ki, Çexiya, xüsusilə 7 oktyabr 2023-cü ildən sonra İsrailin Avropadakı ən yaxın müttəfiqlərindən birinə çevrilib. Onun sözlərinə görə, İran rejimi təkcə Yaxın Şərq üçün deyil, Avropa üçün də ciddi təhlükə yaradır.
İsrailin xarici işlər naziri Avropa İttifaqına açıq çağırış edərək bildirib ki, artıq qərar vermək vaxtıdır. O qeyd edib ki, Avropa İran xalqının səsləndirdiyi çağırışlara cavab verməli və İnqilab Keşikçilərini terror təşkilatı kimi tanımalıdır.
Saar həmçinin İsrail ilə Çexiya arasında təhlükəsizlik və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və Petr Maçinkanı İsrailə rəsmi səfərə dəvət etdiyini açıqlayıb.
Çexiyanın xarici işlər naziri Petr Maçinka isə İsrail ilə uzun illərdir davam edən yaxın münasibətlərin yeni hökumət dövründə də qorunacağını bildirib. O xatırladıb ki, vəzifəyə başladıqdan sonra telefonla danışdığı ilk xarici işlər naziri məhz Gideon Saar olub.