İspaniyada daha bir qatar qəzası – ÖLƏN VƏ YARALANANLAR VAR

Barselonada şəhərətrafı qatar xəttində divarın relslərin üzərinə düşməsi və qatarın toqquşması nəticəsində maşinist həlak olub, 20-dən çox sərnişin yaralanıb. Hadisə yağışlar fonunda baş verib, xilasedici xidmətlər cəlb edilib.

55

İspaniyanın Kataloniya muxtar bölgəsində şiddətli yağışlar fonunda daha bir qatar qəzası baş verib. Barselonanın şəhərətrafı qatar şəbəkəsində 4-cü xətt üzrə hərəkət edən sərnişin qatarı Gelida ilə Sant Sadurni d’Anoia arasındakı marşrutda relslərin üzərinə aşan divara çırpılıb.

Hadisə nəticəsində qatarın maşinisti hadisə yerində həyatını itirib, ən azı 20 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb və müalicələri davam etdirilir.

Müvafiq xidmətlərə 112 təcili yardım xəttinə 28 çağırış daxil olub və çox sayda təcili yardım, yanğınsöndürən və xilasedici qrupu hadisə yerinə cəlb edilib.

Yaralıların vəziyyəti ilə bağlı hələlik rəsmi dəqiq məlumat verilmir. Yerli hakimiyyət yağışların nəqliyyatda problemlər yaratdığını və gün ərzində eyni bölgədə ikinci bir qatar qəzasının da qeydə alındığını açıqlayıb.

Başqa bir şəhərətrafı qatar xəttində hərəkətdə olan qatara qaya parçası düşüb, lakin xəsarət alan olmayıb. Qeyd edək ki, bu qəza İspaniyada 18 yanvar tarixində Andalusiya bölgəsində iki yüksək sürətli qatarın toqquşması nəticəsində 42 nəfərin həlak olduğu və çoxsaylı yaralanmalarla nəticələnən faciədən sonra baş verib.