İspaniya Baş naziri Sançes sosial media və sahiblərinə qarşı 5 maddəlik tədbir açıqladı

İspaniya Baş naziri Pedro Sançes sosial medianı “Vəhşi Qərb”ə bənzədərək platformalar və onların sahiblərinə qarşı cinayət məsuliyyəti də daxil olmaqla 5 maddəlik yeni tədbirlər paketini elan edib.

28

İspaniya Baş naziri Pedro Sançes sosial medianın nəzarətsiz və təhlükəli bir məkana çevrildiyini bildirərək platformalar və onların sahiblərinə qarşı 5 maddəlik yeni tədbirlər paketi tətbiq edəcəklərini açıqlayıb.

Sançes “X” sosial media platformasındakı hesabında paylaşdığı videomüraciətdə sosial medianın təəssüf ki, bir növ “Vəhşi Qərb”ə, hətta “uğursuz dövlət”ə çevrildiyini bildirib. O, sosial şəbəkə sahibləri üçün cinayət məsuliyyəti nəzərdə tutulacağını bir daha vurğulayaraq bu platformaların bəzən cinayət fəaliyyəti, pornoqrafiya və zorakılıq üçün sığınacaq rolunu oynadığını deyib.

Çıxışı zamanı üzərində “Grok istifadəçiləri 11 gün ərzində “X” platformasında 23 mindən çoxu azyaşlı olmaqla 3 milyon cinsi məzmunlu görüntü yaradıb” yazılmış lövhə göstərən Sançes sosial medianın insanları izlədiyini, şəxsi məlumatlarını oğurladığını, nifrət və dezinformasiyanı yaydığını iddia edib. O, “Telegram”-ın qurucusu və baş icraçı direktoru Pavel Durovun İspaniya hökumətini tənqid edən paylaşımına toxunaraq bildirib ki, bu həftə demokratik ölkələrdə görünməmiş bir hadisə yaşanıb və bir texnologiya oliqarxı milyonlarla ispan vətəndaşının telefonuna nüfuz edərək onlara nə düşünməli olduqlarını diktə etməyə çalışıb.

Pedro Sançes sosial media və onların sahiblərinə qarşı nəzərdə tutulan tədbirlərin əsas məqsədinin ictimai təhlükəsizliyi qorumaq olduğunu deyib. O bildirib ki, birinci mərhələdə, xüsusilə, uşaqlara təsir edən sosial mediada törədilən mümkün cinayətlərin araşdırılması üçün prokurorluqla birgə işlənəcək, ikinci olaraq istifadəçi razılığı olmadan məlumatlardan istifadə edən və manipulyasiya edən alqoritmlər qanunla cəzalandırılacaq. Üçüncü tədbir çərçivəsində texnologiya nəhəngləri şəbəkələrindən qanunsuz məzmunu silməkdən imtina edərsə, cinayət ittihamları ilə üzləşəcək. Dördüncü olaraq rəqəmsal platformaların nifrəti və cəmiyyətdə parçalanmanı necə körüklədiyini ölçmək və ictimaiyyətə göstərmək məqsədilə ilk “Nifrət və Qütbləşmə İzləmə Sistemi” yaradılacaq. Nəhayət, 16 yaşdan aşağı şəxslərin girişinin məhdudlaşdırılması ilə ən həssas qrupların zərərli məzmundan qorunması hədəflənir.

Sançes vurğulayıb ki, bu texnologiya elitasının bir çox dövlətdən daha çox maliyyə imkanına və gücə sahib olduğu məlumdur, lakin hökumətin qətiyyəti onların cibindən daha güclüdür və təhdidlərə baxmayaraq islahatlar davam etdiriləcək. Baş nazirin 3 fevral tarixində Dubayda keçirilən Dünya Hökumətlər Zirvəsində sosial şəbəkələrə nəzarətin gücləndiriləcəyini açıqlamasından sonra “X” və “SpaceX” şirkətlərinin sahibi amerikalı iş adamı İlon Mask, eləcə də “Telegram”-ın qurucusu Pavel Durov bu planlara sərt reaksiya vermişdi. Mask Sançesi avtoritar meyllərdə ittiham edərək ağır ifadələr işlətmiş, Durov isə planlaşdırılan tənzimləmələrin internet azadlıqlarını təhdid etdiyini və İspaniyanı qoruma adı altında müşahidə dövlətinə çevirə biləcəyini iddia etmişdi.