İran mediası ölkənin İsfahan şəhərində yerləşən mühüm radiasiya obyektinin ABŞ və İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində zərər gördüyünü bildirib. Məlumatı “İranlı Tələbələr” Xəbər Agentliyinə istinadən Türkiyənin “Sözcü” nəşri yayıb.
Xəbərdə qeyd olunur ki, İsfahanda yerləşən radiasiya mərkəzində hücum nəticəsində ciddi ziyan qeydə alınıb. İranın Milli Nüvə Təhlükəsizliyi Mərkəzi obyektə endirilən zərbəni təsdiqləyib.
Bununla belə, İran tərəfi hücumdan sonra radiasiya sızması və ya radioaktiv çirklənmə aşkar edilmədiyini açıqlayıb. Bildirilir ki, əsasən kənd təsərrüfatı tədqiqatları və müxtəlif elmi fəaliyyətlər üçün istifadə olunan obyektin vəziyyəti nəzarətdə saxlanılır.
Rəsmi qurumlar həmçinin hadisə barədə MAQATE-yə məlumat verildiyini bildiriblər.
Son hücum regionda artıq yüksəlmiş gərginliyi daha da artırıb. ABŞ və İsrailin İran ərazisinə zərbələri və Tehranın buna cavab addımları Yaxın Şərqdə yeni eskalasiya risklərini gündəmə gətirir.