İraq parlamentin yaydığı açıqlamaya görə, keçiriləcək iclasda prezident postu uğrunda 19 namizəd mübarizə aparacaq. Namizədlər arasında Kürdüstan Demokrat Partiyasının üzvü, hazırkı xarici işlər naziri Fuad Hüseyn və Kürdüstan Vətənpərvərlər Birliyinın üzvü Nizar Əhmədi də yer alır.
İraqda 2003-cü ildən sonra formalaşmış siyasi razılaşmaya əsasən, ölkə prezidenti Kürd siyasi partiyalarının namizədləri arasından seçilir. Bu vəzifəni indiyədək mərhum sabiq prezident Cəlal Tələbani də daxil olmaqla, əsasən Kürdüstan Vətənpərvərlər Birliyinin nümayəndələri icra edib.
Ölkədə 11 noyabr 2025-ci ildə keçirilən parlament seçkilərində qalib gələn şiə partiyalarının yaratdığı Koordinasiya Çərçivəsi parlamentdə ən böyük blok olaraq çıxış edir. Bu siyasi ittifaq keçmiş baş nazirlərdən biri olan Nuri əl-Malikini baş nazir postuna namizəd kimi irəli sürüb.
Qanunvericiliyə görə, sabah seçilməsi gözlənilən prezident ən gec 15 gün ərzində Nuri əl-Malikiyə hökuməti formalaşdırmaq səlahiyyəti verməlidir. Bu proses İraqda yeni hökumətin qurulması baxımından həlledici mərhələ hesab olunur.