İranlı komandir: “Qərar verilsə, Hörmüz boğazını bağlamağa hazırıq” – Tehran qismən məhdudiyyət tətbiq edir

40

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanı, kontr-admiral Əli Rza Təngsiri bildirib ki, ölkə rəhbərliyi Hörmüz boğazının bağlanması barədə qərar verərsə, silahlı qüvvələr bu tapşırığı icra etməyə hazırdır. O, dövlət televiziyasına açıqlamasında qeyd edib ki, belə qərar ali rəhbərliyə məxsusdur, lakin hərbçi kimi veriləcək istənilən əmri yerinə yetirməyə hazır olduqlarını bəyan edir.

Açıqlama Hörmüz boğazında davam edən genişmiqyaslı hərbi təlimlər fonunda səsləndirilib. Tehran son həftələrdə ABŞ-nin bölgədə hərbi mövcudluğunu artırdığını və əlavə dəniz qüvvələri yerləşdirdiyini vurğulayaraq, Bəsrə körfəzi və Hörmüz boğazında təhlükəsizlik təhdidlərinə qarşı təlimlərə başladığını elan etmişdi. Təlimlərdə dənizdən gələ biləcək mümkün təhdidlərə sürətli, qətiyyətli və genişmiqyaslı cavab mexanizmlərinin sınaqdan keçirildiyi bildirilir.

Bununla yanaşı, İran rəsmi olaraq təlimlərin əsas mərhələsinin başladığını və təhlükəsizlik səbəbilə Hörmüz boğazının bir hissəsinin bir neçə saatlıq bağlanacağını açıqlayıb. Qərarın müvəqqəti xarakter daşıdığı və yalnız təlim çərçivəsində tətbiq ediləcəyi qeyd olunur.

Hörmüz boğazı dünya neft ticarətinin əhəmiyyətli hissəsinin keçdiyi strateji su yolu hesab olunur. Qlobal enerji daşımalarının böyük bir qismi bu marşrut üzərindən həyata keçirilir. İran daha əvvəl ABŞ ilə mümkün hərbi qarşıdurma halında boğazı bağlaya biləcəyini bəyan etmişdi.

ABŞ ilə İran arasında nüvə danışıqlarının davam etdiyi bir vaxtda bölgədə hərbi aktivliyin artması Yaxın Şərqdə gərginliyin yüksəldiyini göstərir. Analitiklər Hörmüz boğazı ətrafında baş verən proseslərin qlobal enerji bazarlarına və beynəlxalq təhlükəsizlik mühitinə birbaşa təsir göstərə biləcəyini vurğulayırlar.