ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində ayətullah Əli Xameneinin həlak olmasından sonra ölkənin yeni ali dini lideri seçilən Müctəba Xamenei həm xarici təzyiqlər, həm də daxili narazılıqlar fonunda hakimiyyətə başlayır. Analitiklər hesab edir ki, onun qarşısında duran əsas problemlərdən biri İslam Respublikasının ənənəvi dayağı hesab olunan sadiq tərəfdar bazasının zəifləməsidir.
Yeni lider hakimiyyətə gəldiyi anda İran ABŞ və İsraillə hərbi qarşıdurma vəziyyətindədir. Müharibə fonunda ölkə daxilində iqtisadi problemlər, siyasi repressiyalar və uzun illər davam edən idarəetmə böhranı səbəbilə cəmiyyətdə narazılığın artdığı bildirilir.
1979-cu il İslam İnqilabından sonra qurulan İran İslam Respublikası uzun müddət milyonlarla tərəfdarın dəstəyi ilə mövcud olub. Lakin ekspertlər hesab edir ki, korrupsiya, iqtisadi çətinliklər və siyasi məhdudiyyətlər bu dəstəyin zamanla azalmasına səbəb olub.
Buna baxmayaraq, sistemin əsas dayağı olan sadiq tərəfdar qrupları hələ də mövcuddur. Bu qruplar seçkilərdə fəal iştirak edir və ölkədə baş verən etiraz aksiyalarının qarşısını almaqda mühüm rol oynayırlar.
Xüsusilə, İslam İnqilabı Keşikçiləri Korpusu və onun könüllü qüvvəsi olan Bəsic təşkilatı hakimiyyətin ən güclü dayaqlarından hesab olunur. Bu strukturlar yüksək səviyyədə təşkilatlanıb və qısa müddətdə səfərbər oluna bilir.
Analitiklərin fikrincə, məhz, bu qüvvələr ABŞ və İsrailin İran daxilində rejim dəyişikliyi ilə bağlı planlarının həyata keçməsini çətinləşdirən əsas faktorlardan biridir.
Bununla belə, bir sıra ekspertlər hesab edir ki, hakimiyyət sərt xətt tərəfdarını yeni lider kimi seçməklə öz əsas dayaqlarını möhkəmləndirməyə çalışsa da, bu addım əks effekt də verə bilər.
Böyük Britaniyanın St Andrews Universitetinin müasir tarix üzrə professoru Əli Ənsari bildirib ki, yeni liderin seçilməsi hakimiyyətin tərəfdar bazasını möhkəmləndirmək məqsədi daşıyır. Lakin bu addımın nəticəsində sistemin ətrafında toplanan insanların sayı getdikcə daha dar bir çevrəyə çevrilə bilər.
Bəzi iranlılar yeni liderin seçilməsini İslam Respublikasının davamlılığının göstəricisi kimi qiymətləndirirlər. Tehranda yaşayan 21 yaşlı tələbə Zəhra Mirbaqeri bildirib ki, Müctəba Xameneinin seçilməsi İranın düşmənlərinə verilmiş mesajdır və əvvəlki liderin yolu davam etdiriləcək.
Bununla yanaşı, siyasi analitiklər qeyd edirlər ki, İran rəhbərliyinin gələcək taleyi həm daxili ictimai dəstəyin səviyyəsindən, həm də regionda davam edən hərbi qarşıdurmanın gedişindən asılı olacaq.