İranda hakimiyyət böhranı: Müctəba Xamenei ilə bağlı iddialar artır

İranda Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan iddialar hakimiyyət daxilində qeyri-müəyyənliyi artırıb. Ekspertlər bunu sistem böhranı kimi qiymətləndirir.

13

İranda son günlər müşahidə olunan susqunluq artıq adi siyasi pauza kimi deyil, sistem daxilində dərin qeyri-müəyyənliyin göstəricisi kimi qiymətləndirilir. Rəsmi Iran hakimiyyətinin açıqlama verməməsi fonunda müxtəlif versiyalar və fərziyyələr sürətlə yayılmaqdadır.

Bu müzakirələrin mərkəzində Müctəba Xamenei dayanır. Uzun illər kölgədə fəaliyyət göstərən və ölkənin ali dini lideri Əli Xameneinin mümkün varisi kimi göstərilən fiqurla bağlı ziddiyyətli məlumatlar gündəmi müəyyən edir.

Qeyri-rəsmi mənbələrdə onun səhhətinin ağır olduğu, hətta koma vəziyyətində olduğu iddia olunur. Bəzi məlumatlarda isə daha sərt ifadələr işlədilərək onun artıq fəaliyyət qabiliyyətini itirdiyi bildirilir. Rəsmi dairələrin bu iddiaları nə təsdiq, nə də təkzib etməməsi isə şaiyələrin daha da güclənməsinə səbəb olur.

Beynəlxalq müstəvidə də bu məsələ diqqətlə izlənilir. Donald Tramp və Benyamin Netanyahu tərəfindən səsləndirilən ritorik açıqlamalar informasiyanın qapalı saxlanıldığına dair şübhələri artırıb.

Paralel olaraq, Müctəba Xameneinin adından yayılan müraciətlər də müzakirə mövzusuna çevrilib. Bu müraciətlərdə “müqavimət iqtisadiyyatı”, daxili sabitlik və xarici təhdidlərə qarşı birlik kimi mesajlar yer alsa da, onların real müəllifliyi sual doğurur.

Əsas diqqət çəkən məqamlardan biri isə varislik məsələsidir. Ekspertlərin fikrincə, əgər Müctəba Xamenei siyasi səhnədən çəkilibsə və ya aktiv rol oynaya bilmirsə, bu, ölkədə ciddi institusional boşluq yarada bilər. Belə bir şəraitdə müxtəlif güc mərkəzləri arasında rəqabətin artacağı ehtimal olunur.

Analitiklər hesab edir ki, bu vəziyyətdə ən güclü struktur İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) ola bilər. Artıq yalnız hərbi deyil, həm də iqtisadi və siyasi təsirə malik olan bu qurum qeyri-müəyyənlik şəraitində faktiki idarəetmədə əsas rol oynaya bilər.

Eyni zamanda, informasiya qapalılığı cəmiyyətdə psixoloji gərginliyi artırır və Müctəba Xameneinin obrazını daha çox mifoloji və simvolik səviyyəyə qaldırır.

Mövcud mənzərə göstərir ki, İran ya yeni güc balansının formalaşdığı mərhələyə daxil olur, ya da daha dərin daxili qarşıdurmaların astanasındadır. Hazırda isə bütün bu iddialar rəsmi təsdiqini tapmayıb və vəziyyət qeyri-müəyyən olaraq qalır.