İran yeni “gizli silah”ının anonsunu verdi

İranın “Hatəm əl-Ənbiya” qərargahının komandanı Əli Abdollahi yeni gizli silahın yaxın vaxtlarda tətbiq ediləcəyini bildirib. Lakin bu silahla bağlı müstəqil təsdiq və texniki məlumat açıqlanmayıb.

9

İranın yüksək rütbəli hərbi komandirlərindən biri yeni “gizli silah”la bağlı diqqətçəkən açıqlama verib. İranın dövlətə yaxın “Tasnim” və “Press TV” kimi media qurumlarının yaydığı məlumata görə, “Hatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdollahi bildirib ki, İran Silahlı Qüvvələrinin hərbi doktrinası artıq müdafiə modelindən hücum mərhələsinə keçib. 

“Tasnim”-in məlumatına əsasən, Abdollahi deyib ki, İran “düşmənin hesablamalarını tam pozacaq” yeni qabaqcıl silahlar istehsal edib və bu proses davam edir. “Press TV” isə onun bəyanatını daha sərt formada təqdim edərək yazıb ki, yeni hərbi imkanlar artıq döyüş meydanında hiss olunmağa başlayıb və yaxın dövrdə “yeni sürprizlər” göstəriləcək.

“Mehr” agentliyinin daha əvvəl yaydığı başqa bir materialda da Abdollahi İranın “daha inkişaf etmiş və yüksək dəqiqlikli silahlara” malik olduğunu, bu vasitələrin düşmənə qarşı istifadə edilməyə davam ediləcəyini bildirib. Bu da göstərir ki, Tehran son həftələrdə hərbi ritorikanı ardıcıl şəkildə sərtləşdirir və bunu həm psixoloji təzyiq, həm də çəkindirmə mesajı kimi istifadə edir.

Hazırda beynəlxalq media və müstəqil hərbi müşahidə mənbələri Abdollahinin bəhs etdiyi konkret “gizli silah”ın adı, tipi və ya istifadəyə başlanması barədə ayrıca təsdiq yayımlamayıb. Buna görə bu bəyanatı fakt kimi deyil, İran hərbi rəhbərliyinin iddiası və müharibə dövrü informasiya-psixoloji mesajı kimi təqdim etmək daha doğrudur. )