İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Beqai bildirib ki, Tehran region ölkələri və qonşu dövlətlərlə münasibətləri qarşılıqlı hörmət, dostluq və yaxşı qonşuluq prinsipləri əsasında inkişaf etdirməyə çalışır.
Onun sözlərinə görə, İran dəfələrlə vurğulayıb ki, regionda sabitliyin qorunması üçün dövlətlər arasında əməkdaşlıq və dialoq vacibdir. Bununla yanaşı, Bəqai qeyd edib ki, əgər region ölkələrinin ərazilərindən İrana qarşı hücumlar həyata keçirilərsə, beynəlxalq hüquqa uyğun olaraq ölkənin özünümüdafiə hüququ mövcuddur.
Diplomat həmçinin Azərbaycan, Türkiyə və Kiprlə bağlı yayılan bəzi iddialara da münasibət bildirib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi şəkildə bəyan edib ki, sözügedən pilotsuz uçuş aparatları İran ərazisindən buraxılmayıb və İran silahlı qüvvələri tərəfindən istifadə edilməyib.
İsmayıl Bəqai əlavə edib ki, Tehran əvvəllər də regionda baş verə biləcək “saxta bayraq” əməliyyatları barədə xəbərdarlıq edib.
“Regionda belə fəaliyyətlərin uzun tarixə malik olduğu bir rejim mövcuddur. Buna görə də bütün ölkələri diqqətli olmağa və regiondakı hadisələrlə bağlı tələsik nəticələr çıxarmamağa çağırırıq”, – deyə o bildirib.