İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Xarq və Əbu Musa adalarına edilən raket hücumları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisindən həyata keçirilib və Tehran bunu qəbuledilməz hesab edir. Nazir qeyd edib ki, hücumlar HIMARS reaktiv artilleriya sistemi vasitəsilə yerinə yetirilib.
Araqçi bildirib ki, İran qüvvələri raketlərin buraxıldığı məkanı izləyərək dəqiq müəyyən ediblər: “Raketlər Ras əl-Xeymə bölgəsindən və Dubay şəhərinə yaxın nöqtədən atılıb. Sıx məskunlaşmış ərazilərdən raketlərin buraxılması son dərəcə təhlükəlidir”.
Nazir Hörmüz boğazının bağlı olmadığını vurğulayıb: “Hörmüz boğazı açıqdır. O, yalnız ABŞ və İsrailə məxsus gəmilər və tankerlər üçün bağlanıb. Digər ölkələrin gəmiləri sərbəst keçə bilər. Hazırda da çox sayda tanker və gəmi boğazdan keçir”.
Araqçi həmçinin İranın hakimiyyət sisteminin sabit olduğunu və ali liderin vəzifələrini konstitusiyaya uyğun şəkildə yerinə yetirdiyini qeyd edib. O bildirib: “İslam Respublikası fərdlərdən asılı sistem deyil. Ali liderin öldürülməsindən sonra da ölkədə vəziyyət sabit qalıb”.
Nazir Rusiya və Çini İranın strateji tərəfdaşları adlandıraraq, bu ölkələrlə siyasi, iqtisadi və hərbi əməkdaşlığın davam etdiyini vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasını tənqid edərək, ABŞ və İsraili hərbi təcavüzə görə qınamamaqda ittiham edib.
Araqçi İranın cavab addımlarının “gözə-göz” prinsipinə əsaslandığını bildirib. O, nüvə proqramı ilə bağlı da açıqlama verərək deyib: “Bizdə 60% zənginləşdirilmiş 440 kiloqram material var, bu MAQATE hesabatlarında göstərilib. Biz onu azaltmağa və daha aşağı səviyyəyə endirməyə hazır idik. Bu, böyük güzəşt deməkdir. Mən heç vaxt deməmişəm ki, biz bomba hazırlayacağıq”.