İran XİN Trampı yalan yaymaqda ittiham etdi

İran XİN sözçüsü İsmail Beqayi ABŞ Prezidenti Donald Trampın Konqresdə İranla bağlı səsləndirdiyi iddiaları yalan adlandırıb.

38

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqayi ABŞ Prezidenti Donald Trampın Konqresdə etdiyi “Birliyin Durumu” çıxışında İranla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib və onu “yalanı təkrar etməkdə” günahlandırıb.

Beqayi “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Trampın İran əleyhinə bəyanatları reallığı əks etdirmir. İranlı sözçünün sözlərinə görə, “peşəkar yalançılar saxta reallıq yaratmaqda xüsusi bacarıqlara malikdirlər”.

Açıqlamada Nasist Almaniyasının təbliğat naziri Cozef Göbbelsə aid məşhur “yalanı kifayət qədər təkrarlasan, həqiqət kimi qəbul edilər” fikrinə istinad edən Beqayi qeyd edib ki, bu metod bu gün sistemli şəkildə ABŞ hökuməti və onun ətrafındakı müharibə tərəfdarları, xüsusilə də, İsrail tərəfindən İrana qarşı dezinformasiya kampaniyasında istifadə olunur.

İran XİN sözçüsü vurğulayıb ki, İranın nüvə proqramı, ballistik raket imkanları və ölkədə baş verən hadisələrlə bağlı səsləndirilən iddialar “böyük yalanların təkrarından” başqa bir şey deyil və beynəlxalq ictimaiyyət bu cür məlumatlara aldanmamalıdır.

Xatırladaq ki, Tramp Konqresdəki çıxışında İranın Avropa və ABŞ-ın xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər hazırladığını, hətta ABŞ ərazisinə çata biləcək raketlər üzərində çalışdığını iddia etmiş, eyni zamanda İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcəyini bildirmişdi. Tramp həmçinin İran daxilində keçirilən etiraz aksiyalarında on minlərlə insanın öldürüldüyünü irəli sürmüşdü.