İran təslim olmayacaq: Çin və Rusiyanın gizli geosiyasi hesabı – TƏHLİL

"Çin və Rusiya İran ətrafındakı münaqişədən ABŞ resurslarını tükəndirən geosiyasi imkan kimi faydalanmağa çalışır. Tehran isə xarici təzyiq altında çökməkdən çox müqavimət modelinə keçir." - Çin üzrə ekspert Pərviz Əliyev

85

İran ətrafında formalaşan hərbi-siyasi gərginlik artıq regional qarşıdurma çərçivəsini aşaraq qlobal güclər arasında dolayı rəqabət platformasına çevrilib. Bu münaqişəyə təkcə ABŞ, İsrail və İran üçbucağında baxmaq ciddi yanlışlıqdır. Reallıqda prosesin arxa fonunda Çin və Rusiya kimi böyük aktorlar da öz maraqları çərçivəsində hadisələrin inkişaf trayektoriyasını diqqətlə izləyir və birbaşa müdaxilə etmədən ondan faydalanmağa çalışırlar. Mənim qənaətimcə, həm Pekin, həm də Moskva bu münaqişəni Vaşinqtonun hərbi, siyasi və iqtisadi resurslarını tükəndirən uzunmüddətli bir təzyiq mexanizmi kimi görür.

Rusiya və Çin üçün əsas məqsəd İran uğrunda açıq savaş aparmaq deyil. Onların strateji marağı ondan ibarətdir ki, ABŞ Yaxın Şərqdə daha çox ilişsin, daha çox resurs sərf etsin və nəticədə digər cəbhələrdə, xüsusilə də Avropa və Hind-Sakit okean məkanında manevr imkanları zəifləsin. Bu mənada Moskva və Pekin üçün İran böhranı Amerikanı çoxvektorlu təzyiq altında saxlamaq üçün əlverişli fürsətdir. Vaşinqton Yaxın Şərqdə daha çox raket, daha çox hava hücumundan müdafiə sistemi və daha çox hərbi logistika xərclədikcə, digər istiqamətlər üzrə strateji yüklənməsi də artır. Bu isə həm Rusiyaya, həm də Çinə əlavə geosiyasi nəfəs sahəsi yaradır.

Rusiya bu prosesə daha çox Qərbin diqqətini Ukrayna cəbhəsindən yayındırmaq perspektivindən baxır. ABŞ və onun müttəfiqləri Yaxın Şərqdə daha çox enerji sərf etdikcə, Avropa təhlükəsizlik gündəliyində boşluqlar yaranır. Bu boşluqlar Moskva üçün həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan əlavə imkanlar aça bilər. Enerji bazarlarında qeyri-sabitlik, neft qiymətlərində artım və Qərb blokunun çoxsaylı cəbhələrdə eyni anda mövqe qorumağa çalışması Rusiyanın xeyrinə işləyən amillərdir. Moskva məhz buna görə İranı açıq şəkildə müdafiə edən tərəf kimi yox, ABŞ-ni uzunmüddətli yüklənməyə məcbur edən bir geosiyasi düyün kimi qiymətləndirir.

Çin isə bu münaqişəyə daha ehtiyatlı və daha hesablanmış prizmadan yanaşır. Pekinin yanaşması açıq qarşıdurmadan çox, balanslaşdırılmış gözləmə və dolayı qazanc modelinə əsaslanır. Çin üçün əsas məsələ ABŞ-nin diqqətinin və hərbi prioritetlərinin Yaxın Şərqə yönəlməsidir. Vaşinqtonun strateji fokusunun İran böhranına doğru sürüşməsi Tayvan, Cənubi Çin dənizi və ümumilikdə Hind-Sakit okean bölgəsində Pekin üzərindəki təzyiqin nisbi azalmasına səbəb ola bilər. Bu baxımdan Çin üçün İran münaqişəsi yalnız enerji məsələsi deyil, eyni zamanda böyük güclər rəqabətində vaxt və manevr qazandıran bir amildir.

Pekinin ikinci böyük narahatlığı enerji təhlükəsizliyidir. Çin İranın ən mühüm iqtisadi tərəfdaşlarından biridir və Yaxın Şərqdəki hərbi gərginliyin dərinləşməsi ilk növbədə enerji axınlarına təsir edir. Buna görə də Çin üçün əsas prioritet ideoloji deyil, praktikdir. Yəni əsas məsələ İranın siyasi taleyindən çox, enerji təchizat zəncirinin qorunmasıdır. Pekin hesab edir ki, Hörmüz boğazında risk artsa belə, müəyyən müddət üçün bunu ehtiyatlarla kompensasiya etmək mümkündür. Amma uzunmüddətli bağlanma və ya davamlı qeyri-sabitlik Çin iqtisadiyyatı üçün ciddi xərc formalaşdıracaq. Buna görə Çin bir tərəfdən ABŞ-nin Yaxın Şərqdə ilişməsindən faydalanır, digər tərəfdən isə böhranın tam idarəolunmaz fazaya keçməsini istəmir.

Münaqişənin ən ciddi yanlış oxunan tərəflərindən biri də İranın daxili siyasi quruluşu ilə bağlıdır. Qərbdə hələ də İrana çox vaxt klassik avtoritar rejim modeli ilə yanaşılır və hesab olunur ki, xarici təzyiq, hərbi zərbə və ya rəhbərliyin sıradan çıxarılması dərhal sistemin çökməsinə gətirib çıxara bilər. Bu, çox təhlükəli və səthi yanaşmadır. İran İslam Respublikasının hakimiyyət arxitekturası tək bir şəxsin iradəsinə bağlanan sadə piramida deyil. Burada dini, hərbi, təhlükəsizlik, iqtisadi və institusional mərkəzlər arasında bölüşdürülmüş çoxqatlı güc strukturu mövcuddur. Bu səbəbdən kənardan edilən zərbə avtomatik olaraq sistemin dağılması anlamına gəlmir.

Əksinə, xarici təzyiq çox zaman İran daxilində parçalanmanı yox, konsolidasiyanı gücləndirir. Tarix göstərir ki, xaricdən gələn təhdid İran cəmiyyətində ideoloji fərqləri ikinci plana keçirərək milli müdafiə refleksini önə çıxarır. İran cəmiyyətində hökumətə narazılıq ola bilər, sosial gərginlik ola bilər, siyasi narazı qruplar ola bilər, amma xarici müdaxilə fonunda bu qrupların böyük hissəsi ölkənin parçalanması və ya xaricdən “azad edilmə” ideyasına yox, suverenliyin qorunmasına üstünlük verir. Bu mənada Tramp və Netanyahu xəttinin İran rejimini xarici təzyiqlə devirmək cəhdi əslində əks nəticə vermək potensialına malikdir. Çünki xarici təcavüz müxalifəti rejimə qarşı yox, ölkənin müdafiəsinə yönəldə bilir.

Bu məqamda 1980-ci illərin təcrübəsi də ciddi dərsdir. İranı içəridən sarsıtmaq üçün qurulan psixoloji və hərbi strategiyalar çox vaxt gözlənilən effekti vermədi. Əksinə, xarici hücum İran cəmiyyətində milli birləşmə hissini gücləndirdi. Bu gün də oxşar yanaşmanın təkrarlanması Tehranın daxili legitimlik böhranını dərinləşdirmək əvəzinə onu müvəqqəti də olsa toparlaya bilər. Başqa sözlə, xarici basqı İran rejimini dərhal çökdürməkdən çox, onun müqavimət motivasiyasını artırır.

Hörmüz boğazı ətrafında baş verənlər isə bu münaqişənin ən paradoksal tərəfini təşkil edir. ABŞ formal olaraq dəniz yollarının təhlükəsizliyini təmin etdiyini iddia edir, amma faktiki mənzərədə ortaya çox mürəkkəb və ziddiyyətli vəziyyət çıxır. Müharibə Tehranı iqtisadi olaraq tam təcrid etmək əvəzinə bəzi hallarda onun üçün yeni manevr imkanları yaradır. Regionda risk artdıqca keçid, sığorta, ticarət marşrutları və ödəniş mexanizmləri dəyişir. Bu dəyişikliklər də tədricən klassik dollar mərkəzli maliyyə sistemindən kənar alternativ hesablaşma modellərinin genişlənməsinə səbəb olur. Yuanla ödənişlər, kriptovalyuta üzərindən əməliyyatlar və qeyri-Qərb maliyyə kanallarına marağın artması burada təsadüfi deyil.

Bu baxımdan məsələyə yalnız hərbi toqquşma kimi baxmaq yanlış olar. Əslində burada paralel şəkildə maliyyə sistemləri arasında da mübarizə gedir. ABŞ-ın məqsədi İranı iqtisadi və siyasi cəhətdən boğmaqdırsa, prosesin ironiyası odur ki, eyni gərginlik bəzi hallarda dollar hegemoniyasının özünü də zədələyir. Çünki Qərb maliyyə sistemindən kənar alternativlər nə qədər çox sınaqdan keçirsə, uzunmüddətli perspektivdə dolların toxunulmazlığı da bir o qədər zəifləyir. Bu, dərhal baş verməyəcək, amma hər bir yeni böhran alternativ sistemlər üçün praktik laboratoriya rolunu oynayır.

Çin və Rusiyanın İrana birbaşa ordu göndərmədən, dolayı dəstək mexanizmləri ilə prosesə təsir göstərməsi də bu səbəbdən önəmlidir. Kəşfiyyat məlumatı, peyk müşahidəsi, texniki koordinasiya və diplomatik himayə kimi vasitələr müasir müharibələrdə birbaşa hərbi iştirak qədər təsirli ola bilir. Beləliklə, Moskva və Pekin açıq savaşın məsuliyyətini daşımadan, onun nəticələrindən geosiyasi dividend qazanmağa çalışır. Onların hesablaması sadədir: ABŞ bir savaşda nə qədər çox ilişərsə, qlobal güc balansı bir o qədər dəyişər.

Digər mühüm problem isə ABŞ-ın öz daxilində strateji qərarvermə keyfiyyəti ilə bağlıdır. Vaşinqtonda peşəkar hərbi-siyasi analiz yerini getdikcə daha çox ideoloji motivasiyalı qərarlara verərsə, bu, yalnız İran siyasətində deyil, bütövlükdə Amerika xarici siyasətində riskləri artıracaq. Reallığın mürəkkəbliyini nəzərə almayan, regionun sosial-siyasi strukturlarını səthi qiymətləndirən yanaşmalar çox zaman yanlış gözləntilər yaradır. İran kimi çoxqatlı və dərin dövlət ənənəsinə malik sistemə qarşı qurulan siyasət də məhz bu nöqtədə uğursuzluğa məhkum ola bilər.

Mənim qənaətimcə, İranın yaxın perspektivdə təslim olması ehtimalı zəifdir. Əksinə, mövcud proses göstərir ki, Tehran xarici təzyiqi sistemin müqavimət imkanlarını səfərbər etmək, daxili legitimliyi yenidən toplamaq və alternativ iqtisadi-siyasi kanallar qurmaq üçün istifadə etməyə çalışacaq. Çin və Rusiya isə bu prosesdə İranı tam xilas etməkdən çox, onun çökməməsini təmin edəcək qədər dəstək verərək ABŞ-ni uzunmüddətli strateji yüklənmə altında saxlamağa üstünlük verəcəklər.

Nəticə etibarilə, bu münaqişə təkcə İranın taleyi ilə bağlı deyil. Burada söhbət ABŞ-nin qlobal güc imkanlarının aşınmasından, Çin və Rusiyanın dolayı qazanc strategiyasından, dollar sisteminə yönələn səssiz təzyiqdən və yeni geosiyasi düzənin hansı şəraitdə formalaşacağından gedir. İran bu savaşda sadəcə hədəf ölkə deyil, eyni zamanda böyük güclərin rəqabətində strateji dözümlülük platformasına çevrilib. Və görünən odur ki, Tehranı qısa müddətdə təslim etdirmək barədə qurulan hesablamalar reallıqla üst-üstə düşmür.

Analitik təhlil | Pərviz ƏLİYEV