İranın qərbində “terror dəhlizi” və su böhranı amili – ŞƏRH

İranın Kürdüstan və Qərbi Azərbaycan bölgələrində su böhranı sosial gərginliyi artırır. Siyasi araşdırmaçı Pərviz Əliyev PKK/PJAK aktivliyi və regional proseslərdə su resurslarının rolunu təhlil edir.

108

ABŞ-İsrail tandeminin İrana qarşı başlatdığı hərbi kampaniya davam edir. Bu kontekstdə son günlər İranın qərb bölgələrində PKK/PJAK strukturlarının aktivləşməsi və regionda “terror dəhlizi”nin formalaşdırılması ehtimalı regional təhlükəsizlik müzakirələrinin əsas mövzularından birinə çevrilib. Bu proses yalnız hərbi və ya separatçı fəaliyyət kimi qiymətləndirilmir. Bir sıra analitiklər hesab edir ki, məsələ daha geniş geosiyasi və sosial-iqtisadi faktorlarla bağlıdır və bölgədəki gərginliyin arxasında su resursları üzərində nəzarət də mühüm rol oynayır.

Siyasi araşdırmaçı Pərviz Əliyevin mövzu ilə bağlı paylaşımında diqqət çəkilən əsas məqam İranın Kürdüstan və Qərbi Azərbaycan bölgələrində yaranmış ciddi su böhranıdır. Onun fikrincə, son illərdə bu ərazilərdə su ehtiyatlarının azalması nəticəsində yüz minlərlə insan suya çıxış imkanını itirib, kənd təsərrüfatı zəifləyib və əhali arasında geniş miqyaslı daxili miqrasiya başlayıb. Bu proses sosial narazılığı artıran əsas amillərdən birinə çevrilib.

Araşdırmaçı qeyd edir ki, bölgədəki kürd siyasi fəalları və etirazçılar əvvəlki dövrlərdə olduğu kimi əsasən mədəni və siyasi hüquqlar — dil, təhsil, dini məkanların tikintisi və yerli idarəetmədə iştirak kimi məsələləri önə çəkmirlər. Onların gündəliyində əsas mövzu su və iqtisadi resurslara çıxışdır. Su qıtlığı isə artıq sosial-siyasi mobilizasiyanın əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Əliyevin fikrincə, su resurslarının bölüşdürülməsi məsələsi bölgədə etnik balans və siyasi münasibətlərlə də əlaqəlidir. İranın Kürdüstan və Qərbi Azərbaycan bölgələrində həm kürdlər, həm də azərbaycanlılar yaşayır. Analitik iddia edir ki, mövcud vəziyyətdə azərbaycanlı əhali müəyyən hallarda su resurslarına daha üstün çıxış əldə edir. Bunun səbəbi kimi isə Tehran hakimiyyətinin demoqrafik və siyasi amillərə görə azərbaycanlı əhalinin loyallığını daha həssas və strateji faktor kimi qiymətləndirməsi göstərilir.

Bu yanaşmaya görə, su böhranı yalnız ekoloji problem deyil, həm də regionda sosial sabitliyə və etnik münasibətlərə təsir edən strateji məsələdir. Nəticədə, İranın qərb bölgələrində baş verən proseslər yalnız təhlükəsizlik və separatizm kontekstində deyil, resurslar üzərində nəzarət və sosial-iqtisadi balans baxımından da qiymətləndirilməlidir.