ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) İran və Rusiya ilə əlaqəli kiber aktorların mesajlaşma tətbiqləri üzərindən genişmiqyaslı hücumlar həyata keçirdiyini açıqlayıb.
FTB-nin Kiber Bölməsi bildirib ki, İranla əlaqəli qruplar “Telegram” platformasını komanda və idarəetmə (C2) infrastrukturu kimi istifadə edir. Bu üsulla onlar dünya üzrə müxalifləri, rejim əleyhdarlarını və müxtəlif fəal qrupları hədəf alır.
Açıqlamaya görə, bu fəaliyyətlər çərçivəsində zərərli proqram təminatları yayılır və nəticədə istifadəçilərin məlumatlarının sızması, hesabların ələ keçirilməsi və reputasiya zərbələri kimi ciddi risklər yaranır. FTB bu təhdidlərlə bağlı xüsusi xəbərdarlıq hesabatı da yayıb.
Eyni zamanda, FTB direktoru Kaş Patel Rusiya ilə əlaqəli kiber qrupların da “Signal” tətbiqi üzərindən istifadəçiləri hədəf aldığını bildirib.
Onun sözlərinə görə, bu hücumlar əsasən yüksək əhəmiyyətli şəxslərə – hazırkı və keçmiş dövlət rəsmiləri, hərbçilər, siyasətçilər və jurnalistlərə yönəlib. Hücumlar nəticəsində minlərlə istifadəçi hesabına icazəsiz giriş əldə edilib.
Kiber hücumçular ələ keçirdikləri hesablar vasitəsilə mesajlara və kontakt siyahılarına daxil olur, istifadəçilər adından mesajlar göndərir və yeni fişinq hücumları həyata keçirə bilirlər.
FTB xüsusilə vurğulayıb ki, bu təhlükələrin əsas səbəbi tətbiqlərin özü deyil, istifadəçilərin təhlükəsizlik qaydalarına riayət etməməsidir. Buna görə də qurum istifadəçiləri daha diqqətli olmağa, şübhəli linklərdən uzaq durmağa və hesab təhlükəsizliyini gücləndirməyə çağırıb.
Ekspertlərin fikrincə, bu cür kiber fəaliyyətlər qlobal səviyyədə informasiya təhlükəsizliyi risklərinin artdığını göstərir və dövlətlər arasında rəqəmsal mübarizənin daha da intensivləşdiyini ortaya qoyur.