İran raket hücumlarında “kiçik zərbələr” taktikasına keçib

"Financial Times"-in təhlilinə görə, İran raket hücumlarının intensivliyini azaldaraq kütləvi salvo zərbələri əvəzinə daha qənaətli “kiçik zərbələr” strategiyasına keçir.

13

İran İsrailə qarşı raket kampaniyasında taktikanı dəyişərək kütləvi salvo hücumlarından daha məhdud, zaman üzrə bölünmüş zərbələr modelinə keçir.

“Financial Times”in təhlilinə görə, Tehran artıq gün ərzində daha azsaylı buraxılışlarla həm resurslara qənaət etməyə, həm də buraxılış qurğularının aşkarlanma riskini azaltmağa çalışır. Bu yanaşma İranın daha uzunmüddətli qarşıdurmaya uyğunlaşmaq cəhdi kimi dəyərləndirilir.

Son həftələrdə İranın raket imkanlarının ciddi zərbə aldığına dair məlumatlar da bu dəyişikliklə üst-üstə düşür. Washington Postun araşdırmasına görə, müharibə başlayandan bəri İranın azı 29 raket buraxılış məntəqəsi və dörd əsas istehsal obyekti ciddi zədələnib. Həmin materialda İsrail və ABŞ rəsmilərinin İranın raket hücum intensivliyinin təxminən 90 faiz azaldığını dediyi qeyd olunur.

Bununla belə, İranın raket potensialının tam sıradan çıxarıldığını demək hələ tezdir. ABŞ kəşfiyyat qiymətləndirməsinə görə, indiyədək İranın raket və dron arsenalının təxminən üçdə biri məhv edilib. Yəni Tehran hələ də əhəmiyyətli ehtiyata malikdir, amma onu əvvəlki tempdə xərcləmək imkanları daralır.

Analitiklər hesab edir ki, İranın “kiçik zərbələr” strategiyası əslində “sağ qalma modeli”dir. Məqsəd həm İsrail və region ölkələri üzərində daimi psixoloji təzyiq saxlamaq, həm də qalan arsenalı mümkün qədər uzun müddətə yetirməkdir.

İranın hələlik daha müasir sistemləri tam həcmdə döyüşə buraxmaması da diqqət çəkir. Bu, bir tərəfdən strateji ehtiyatların qorunması ilə, digər tərəfdən isə daimi hava və peyk müşahidəsi şəraitində daha dəyərli raketlərin itirilməsi riskinin yüksək olması ilə izah oluna bilər.