İran “qadın ninjaları”nı yenidən gündəmə gətirdi

İranda 1989-cu ildən fəaliyyət göstərən qadın ninjutsu döyüşçüləri yenidən gündəmə gəlib. Minlərlə qadının təlim keçdiyi proqram regiondakı gərginlik fonunda diqqət çəkir.

31

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İranda uzun illərdir fəaliyyət göstərən qadın döyüş sənəti birlikləri yenidən gündəmə gəlib. Yerli mediada yayılan məlumatlara görə, ölkədə fəaliyyət göstərən “qadın ninjalar” kimi tanınan döyüşçülər son hadisələr fonunda yenidən diqqət mərkəzinə çıxıb.

Bildirilir ki, İranda 1989-cu ildən fəaliyyət göstərən və ninjutsu döyüş sənəti üzrə təlimlər verən Kunoişi məktəbi bu sahənin əsas mərkəzlərindən biridir. Bu məktəbdə qadınlara həm döyüş texnikaları, həm də müdafiə və taktiki hazırlıq üzrə intensiv məşqlər keçirilir.

Məlumata görə, məktəbin yarandığı vaxtdan bəri təxminən 25 min qadın bu proqramdan məzun olub. Hazırda isə təxminən 3,5–4 min nəfərlik aktiv döyüşçü qrupu mövcuddur və onlar müxtəlif idman və təlim mərkəzlərində məşqlərini davam etdirirlər.

Bu döyüş sistemi Yaponiyanın ənənəvi ninjutsu döyüş sənətinə əsaslanır. Ninjutsu İrana bu sahədə təhsil alan məşqçi Əkbər Fərəci tərəfindən gətirilib və zamanla ölkə üzrə geniş yayılıb. Hazırda proqram İran Döyüş Sənətləri Federasiyasının nəzarəti altında fəaliyyət göstərir.

Təlimlərdə iştirak edən qadınlar bildirirlər ki, ninjutsu yalnız döyüş bacarıqları deyil, həm də psixoloji dayanıqlıq və özünümüdafiə bacarıqları qazandırır. Bu səbəbdən proqram bir çox qadın üçün həm fiziki hazırlıq, həm də özünə inamın artırılması vasitəsi kimi təqdim olunur.

Analitiklər hesab edir ki, İran mediasında bu mövzunun yenidən gündəmə gətirilməsi regionda təhlükəsizlik gərginliyinin artdığı bir dövrdə ölkənin müdafiə hazırlığını və səfərbərlik imkanlarını göstərmək məqsədi daşıya bilər.