Yüksək vəzifəli İran rəsmilərinin ailələrinin Omanda yerləşdirildiyi iddia olunur

İddialara görə, İranın yüksək vəzifəli rəsmilərinin ailələri təhlükəsizlik səbəbilə Omanın paytaxtı Maskatda yerləşdirilib.

28

İranın yüksək vəzifəli dövlət rəsmilərinin ailələrinin Omanda sığınacaq tapdığı iddia olunur. İran üzrə monitorinq aparan kanalların yaydığı məlumata görə, bir neçə tanınmış rəsminin ailə üzvləri hazırda Omanın paytaxtı Maskat şəhərində yerləşən otellərdə yaşayır.

Bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, xarici işlər naziri Abbas Araqçi və məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhseni-Ejeinin ailələri Maskatdakı müxtəlif otellərdə yerləşdirilib.

Mənbələrin məlumatına görə, İrandan Türkiyənin Van sərhəd-keçid məntəqəsi vasitəsilə çıxmağı bacaran bəzi digər yüksək vəzifəli şəxslərin ailə üzvləri isə Maskatda yerləşən İran səfirliyinə məxsus konspirativ mənzillərdə məskunlaşıb.

Bundan əlavə, fevralın 28-də İsrail və ABŞ tərəfindən İrana endirilən raket zərbələri zamanı öldürüldüyü bildirilən İranın Müdafiə Şurasının sabiq katibi Əli Şəmxaninin ailəsinin də uzun illərdir Omanda yaşadığı qeyd olunur.

Məlumatlara əsasən, Şəmxani ailəsinin Maskatda müxtəlif ofisləri mövcuddur və bu strukturlara onun əmisi oğlu Naci Şəmxani rəhbərlik edir.

Bu məlumatlar rəsmi Tehran tərəfindən hələlik təsdiqlənməyib.