İran mediası: SEPAH ABŞ esminesinə zərbə endirib, CENTCOM təkzib edir

İranın "Tasnim" agentliyi və "IRIB" telekanalı SEPAH-ın Hind okeanında ABŞ esminesinə raket zərbəsi endirdiyini iddia edir. ABŞ Mərkəzi Komandanlığı məlumatı təkzib edib.

39

İranın dövlət xəbər agentliyi “Tasnim” və dövlət televiziya kanalı “IRIB“-in yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hind okeanında ABŞ-a məxsus esminesə raket zərbəsi endirib.

İddialara əsasən, gəmi İran sahillərindən təxminən 650 kilometr məsafədə yerləşib. Bildirilir ki, hücum zamanı ən yeni “Qadr-380” və “Talaiyeh” tipli raketlərdən istifadə olunub. Məlumatda qeyd edilir ki, zərbə esmines ABŞ-a məxsus təchizat tankerindən yanacaq doldurduğu anda endirilib, nəticədə gəminin göyərtəsində güclü yanğın baş verib və ciddi zədələnmə qeydə alınıb.

Digər tərəfdən, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM yayılan məlumatları təkzib edib və insidentin baş vermədiyini açıqlayıb.

Hazırda tərəflərin bəyanatları bir-birini təkzib edir və hadisə ilə bağlı müstəqil mənbələr tərəfindən təsdiqlənmiş əlavə məlumat yoxdur.