İrandan atılan ballistik raket Türkiyə üzərində məhv edildi

Türkiyənin Milli Müdafiə Nazirliyi İran ərazisindən buraxılaraq Türkiyə hava məkanına yönələn ballistik sursatın Şərqi Aralıq dənizində NATO qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

48

Türkiyənin Milli Milli Müdafiə Nazirliyi (MSB) İran ərazisindən buraxılaraq Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən ballistik sursatın zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, İran ərazisindən buraxılan və İraqla Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik sursat vaxtında aşkarlanıb və Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən uğurla məhv edilib.

Bildirilib ki, Hatay vilayətinin Dörtyol rayonu ərazisinə düşən fraqment havada məhv edilən hədəfə qarşı istifadə olunmuş raket-ələkeçiriciyə məxsusdur. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da açıqlama verib. O bildirib ki, ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində iradə və imkanlar ən yüksək səviyyədədir. “Torpaqlarımızın və hava məkanımızın müdafiəsi ilə bağlı bütün addımlar tərəddüdsüz atılacaq”, – deyə Duran vurğulayıb.

Hadisənin detalları və sursatın hansı istiqamətdə hərəkət etdiyi barədə əlavə məlumat verilməyib.