İran Hörmüzdən keçid rüsumunu qanuniləşdirir

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilər üçün rüsumları qanunla rəsmiləşdirməyə hazırlaşır. Dost ölkələrə keçid icazəsi verilsə də, ödəniş istisnası tam təsdiqlənməyib.

33

İran Hörmüz boğazından keçən bəzi gəmilərdən alınan tranzit rüsumlarını qanunla rəsmiləşdirməyə hazırlaşır.

MSNews.az-ın “Associated Press“-ə istinadən verdiyi məlumata görə, İran parlamenti bu ödənişlərin hüquqi əsasını yaratmaq üçün qanun layihəsi üzərində işləyir. Nəşr yerli mediaya istinadən yazır ki, parlamentdə məqsəd həm İranın boğaz üzərində nəzarətini formallaşdırmaq, həm də rüsumlar vasitəsilə əlavə gəlir mənbəyi yaratmaqdır. “Anadolu Agentliyi” də ISNA-ya istinadla bildirib ki, parlamentdə “təhlükəsiz keçid” üçün ödəniş nəzərdə tutan layihə hazırlanıb.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi daha əvvəl bəyan etmişdi ki, Tehran artıq bəzi gəmilərdən Hörmüzdən keçid üçün təxminən 2 milyon dollar alır. Onun sözlərinə görə, bu addım İranın boğaz üzərində “yeni suverenlik konsepsiyası”nın göstəricisidir. Bu bəyanat “Anadolu Agentliyi” və “Iran International” tərəfindən dərc olunub.

Eyni zamanda, “Reuters” yazır ki, İranın xarici işlər naziri Abbas Araqçi “dost ölkələr” kimi Çin, Rusiya, Hindistan, İraq və Pakistanın gəmilərinə keçidə icazə verildiyini bildirib. Lakin bu keçidlərin ödənişsiz olmasına dair “Reuters və APNews” materiallarında açıq təsdiq yoxdur. Başqa sözlə, dost ölkələrə keçid icazəsinin verilməsi təsdiqlənir, amma onların rüsumdan tam azad edildiyi hissə hələlik müstəqil şəkildə dəqiqləşdirilməyib.

Associated Press“-in məlumatına görə, Hörmüzdə faktiki olaraq “toll booth” tipli yeni rejim formalaşıb: bəzi gəmilər İran sularından keçmək, məlumat təqdim etmək və təhlükəsizlik müşayiəti almaq məcburiyyətində qalır. Agentlik bildirir ki, ən azı iki gəmi artıq bu keçid üçün ödəniş edib, boğazdan trafik isə müharibənin başlanmasından bəri təxminən 90 faiz azalıb. Bu addımlar Körfəz ölkələri və bəzi dəniz hüququ ekspertləri tərəfindən beynəlxalq hüquqa zidd sayılır.