İran Hörmüz boğazını yenidən bağladı

İran hakimiyyəti Hörmüz boğazının gəmiçilik üçün bağlandığını elan edib. Tehran bunu ABŞ və İsrailin atəşkəs razılaşmalarını pozmasına cavab adlandırır.

24

İran hakimiyyəti Hörmüz boğazının gəmiçilik üçün bağlandığını elan edib.

MSNews.az xəbər verir ki, “Reuters” İranın dövlətə bağlı “Mehr” agentliyinə istinadən Tehranın Hörmüz boğazını bağladığını açıqladığını yazır. Məlumata görə, qərar ABŞ və İsrailin atəşkəs öhdəliklərini pozması iddiası ilə əsaslandırılıb.

İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, boğazın bağlanması “birinci mərhələdir”. Tehran xəbərdarlıq edib ki, vəziyyət dəyişməsə, əlavə addımlar da atıla bilər.

İran tərəfi ABŞ-ı Anlaşma Memorandumunun şərtlərini yerinə yetirməməkdə, İsraili isə Cənubi Livanda atəşkəs rejimini pozmaqda və qoşunlarını bölgədən çıxarmamaqda ittiham edir. Tehran bu addımı regiondakı gərginliyə cavab xarakterli qərar kimi təqdim edir.

Bununla belə, qərarın faktiki icrası ilə bağlı ziddiyyətli məlumatlar var. “The Guardian” yazır ki, ABŞ Mərkəzi Komandanlığı — CENTCOM kommersiya gəmiçiliyinin boğazdan keçidinin davam etdiyini bildirib. Buna görə də vəziyyət hələ tam bağlanma faktı kimi deyil, İranın rəsmi hərbi-siyasi elanı kimi qiymətləndirilir.