İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı “Hatəm əl-Ənbiya”nın komandanı Əli Abdullahi ölkənin hərbi strategiyası ilə bağlı mühüm açıqlama verib.
Onun sözlərinə görə, İran ordusu artıq müdafiə xarakterli doktrinadan hücum strategiyasına keçib. Abdullahi bildirib ki, bu dəyişiklik ölkənin hərbi əməliyyatlara yanaşmasında ciddi dönüş deməkdir.
Komandan qeyd edib ki, yeni mərhələdə əməliyyatlar zamanı müasir texnologiyalar və qabaqcıl silah sistemlərindən istifadə olunacaq. Bu isə İran ordusunun imkanlarının genişləndirilməsi və daha aktiv hərbi strategiyanın tətbiqi kimi qiymətləndirilir.
Abdullahinin sözlərinə görə, ABŞ və İsrail orduları yaxın dövrdə “sürprizlərlə” qarşılaşa bilər. Bu açıqlama regionda onsuz da yüksək olan gərginliyin daha da artacağına işarə kimi qəbul edilir.
Analitiklər bildirirlər ki, İranın belə bir bəyanatla çıxış etməsi Yaxın Şərqdə hərbi balansın dəyişməsi ehtimalını gündəmə gətirir. Xüsusilə, son dövrlərdə İran, ABŞ və İsrail arasında artan qarşıdurma fonunda bu cür açıqlamalar daha böyük əhəmiyyət kəsb edir.
Ekspertlərin fikrincə, bu addım həm psixoloji mesaj, həm də potensial hərbi əməliyyatlara hazırlıq siqnalı kimi qiymətləndirilə bilər.