QAFSAM eksperti: “İranın dron hücumu Azərbaycan və Türkiyəni münaqişəyə çəkməyə hesablanmış ola bilər”

QAFSAM eksperti Novruzəli Yusubzadə İranın Azərbaycana dron hücumunun mümkün səbəblərini şərh edib və regionda gərginliyin arta biləcəyi barədə xəbərdarlıq edib.

146

İrandan Azərbaycan ərazisinə həyata keçirilən pilotsuz uçuş aparatı hücumu regionda yeni təhlükəsizlik sualları doğurub. Bu suallara müəyyən qədər də olsa cavab tapmaq üçün QAFSAM-ın eksperti Novruzəli Yusubzadəyə müraciət etdik.

İrandan Azərbaycana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumunun arxasında regionu daha geniş qarşıdurmaya sürükləmək məqsədi dayanmış ola bilər. Bu barədə MSNews.az-a açıqlamasında ekspert Novruzəli Yusubzadə bildirib.

Onun sözlərinə görə, hücumun əsas məqsədlərindən biri Azərbaycan və Türkiyəni aktiv münaqişəyə cəlb etmək ola bilər. O qeyd edib ki, bu baxımdan Naxçıvan xüsusi əhəmiyyət daşıyır. N.Yusubzadə xatırladıb ki, Naxçıvanın təhlükəsizliyi Moskva və Qars müqavilələrindən irəli gələn öhdəliklərə görə həm Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyət kəsb edir.

Novruzəli Yusubzadə bildirib ki, hazırkı mərhələdə İran daxilində ordu və siyasi hakimiyyət arasında balansın pozulduğu müşahidə olunur. Onun sözlərinə görə, bu vəziyyət ölkədə vahid idarəetmə prinsipinin zəifləməsinə gətirib çıxarıb.

“Biz əvvəlki müsahibələrimizdə də qeyd etmişdik ki, İran artıq müəyyən mənada xunta tipli idarəetmə modelinə doğru gedir. Bu şəraitdə müxtəlif qruplaşmaların ayrıca və müstəqil tapşırıqlar icra etməsi ehtimalı artır. Hətta bəzi hallarda bu qruplar arasında koordinasiya zəifləyir və birlikdə hərəkət mexanizmi pozulur”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu səbəbdən İrandan həyata keçirilən hücumun konkret hansı qrup və ya altqrup tərəfindən təşkil edildiyini müəyyənləşdirmək çətindir.

Yusubzadə əlavə edib ki, əgər İran dövləti öz suverenliyini qoruduğunu göstərmək istəyirsə, bu cür silahlı qrupları nəzarət altına almalıdır. Əks halda Azərbaycan tərəfindən həm diplomatik, həm də müvafiq hərbi cavab addımlarının gündəmə gələ biləcəyini istisna etməyib.

Analitik şərh | Novruzəli YUSUBZADƏ