İran adı Qurandan götürülmüş gizli silahını döyüşə daxil etdi

İran İsrailə qarşı hücum zamanı Qurani-Kərimdəki "Fil" surəsindən adını alan “Siccil” ballistik raketini ilk dəfə istifadə edib. Hücum Tel-Əviv və ətraf bölgələrdə partlayışlara səbəb olub.

20

Yaxın Şərqdə gərginlik artmaqda davam edərkən İran uzun müddətdür ehtiyatda saxladığı strateji silahlarından birini ilk dəfə döyüşdə istifadə edib. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı həyata keçirilən əməliyyat zamanı “Siccil” adlı ballistik raketin buraxıldığını açıqlayıb. 

Məlumata görə, hücum “Sadiq Vəd-4” əməliyyatının növbəti mərhələsi çərçivəsində həyata keçirilib və İsrail ərazisində xüsusilə Tel-Əviv və ətraf bölgələr hədəf alınıb. İran tərəfi hücumun İsrailin hərbi obyektlərinə qarşı yönəldiyini bildirir.

“Siccil” raketi İranın özündə hazırlanmış bərk yanacaqlı ballistik raketdir və yüksək sürətə malik olması ilə seçilir. Ekspertlərin fikrincə, bu raket ənənəvi hava hücumundan müdafiə sistemlərini, o cümlədən İsrailin məşhur “Dəmir Günbəz” sistemini aşmaq üçün nəzərdə tutulub. Raketin İran ərazisindən buraxıldıqdan sonra təxminən 7 dəqiqə ərzində Tel-Əvivə çata biləcəyi iddia olunur.

Hücumdan sonra İsrailin bəzi bölgələrində güclü partlayış səsləri eşidildiyi və qəlpələrin bir neçə şəhərə düşdüyü bildirilib. Yerli mənbələrə görə, Rişon Letsion, Ness Ziona və Lod ətrafında raket qalıqları qeydə alınıb.

İranın hücumlarda yalnız “Siccil” deyil, həm də “Fəttah”, “Emad” və “Qadir” kimi digər raketlərdən, həmçinin kamikadze pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir.

Qeyd edək ki, “Siccil” raketinin adı Qurani-Kərimdəki “Fil” surəsindən götürülüb. Həmin surədə Kəbəyə hücum edən ordunun üzərinə əbabil quşlarının “siccil” – yəni bərkimiş gil daşları yağdırmasından bəhs olunur.