İran ABŞ təklifini rədd edib, cavabını Pakistanla göndərib

İran ABŞ-ın müharibənin dayandırılması ilə bağlı təklifini rədd edib və 10 bəndlik cavabını Pakistan vasitəsilə çatdırıb. Tehran müvəqqəti atəşkəsə yox, daimi həllə üstünlük verdiyini bildirib.

26

İran ABŞ-ın müharibənin dayandırılması ilə bağlı təklifinə rəsmi cavabını Pakistan vasitəsilə göndərib. İranın dövlət agentliyi IRNA-nın məlumatına görə, Tehran müvəqqəti atəşkəsi qəbul etməyib və müharibənin yalnız İran tərəfinin tələbləri nəzərə alınmaqla daimi şəkildə başa çatmasının vacibliyini vurğulayıb. 

Reuters“-in istinad etdiyi məlumatda deyilir ki, İranın cavabı 10 bənddən ibarətdir. Açıq şəkildə səsləndirilən əsas şərtlər sırasında regionda münaqişələrin dayandırılması, Hörmüz boğazı üzrə təhlükəsiz keçid protokolunun müəyyən edilməsi, sanksiyaların ləğvi və bərpa işləri ilə bağlı tələblər yer alıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai də təsdiqləyib ki, Tehran vasitəçilər üzərindən öz mövqeyini və tələblərini formalaşdıraraq qarşı tərəfə çatdırıb. Onun sözlərinə görə, bu tələblər kompromis kimi yox, İranın öz maraqlarını müdafiə etməkdə israrlı mövqeyi kimi qiymətləndirilməlidir.

Məlumata görə, Pakistanın vasitəçiliyi ilə təqdim olunan ilkin çərçivə planı əvvəlcə dərhal atəşkəs, daha sonra isə 15–20 gün ərzində daha geniş sülh razılaşması üzrə danışıqları nəzərdə tuturdu. Lakin Tehran bu modelə razılaşmayıb və yalnız davamlı, uzunmüddətli həll variantını gündəmdə saxlayıb.