İran ABŞ təklifinə 10 bəndlik cavab göndərib

IRNA-nın məlumatına görə, İran ABŞ-ın atəşkəs təklifinə Pakistan vasitəsilə 10 bəndlik cavab təqdim edib. "Reuters" isə Tehranın cavabını formalaşdırdığını, lakin detalları açıqlamadığını yazır.

30

İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Tehran ABŞ-ın müharibənin dayandırılması ilə bağlı təklifinə Pakistan vasitəsilə 10 bənddən ibarət cavab təqdim edib. Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yalnız onu təsdiqləyib ki, İran vasitəçilər üzərindən gələn təkliflərə cavabını formalaşdırıb və mövqeyini qarşı tərəfə çatdırıb.

Mövcud məlumatlara əsasən, Pakistanın vasitəçiliyi ilə hazırlanan plan iki mərhələdən ibarətdir: ilk mərhələdə dərhal atəşkəsin əldə olunması, daha sonra isə daha geniş siyasi razılaşma üzrə danışıqların başlanması nəzərdə tutulur. Bu təşəbbüs Hörmüz boğazının yenidən açılması, sanksiyalar, dondurulmuş aktivlər və daha geniş təhlükəsizlik mexanizmləri ilə bağlı müzakirələri də əhatə edir.

İran tərəfi isə indiki mərhələdə təzyiq və ultimatum şəraitində danışıqlara isti yanaşmadığını göstərir. Tehran daha əvvəl ABŞ-dan gəldiyi deyilən 15 bəndlik planı “həddindən artıq”, “qeyri-adi” və “məntiqsiz” sayaraq qəbul etməyib. Bəqai də bildirib ki, İranın cavabı güzəşt kimi yox, ölkənin öz mövqelərini müdafiə etməkdə inamının ifadəsi kimi dəyərləndirilməlidir.