İran ABŞ-la danışıqlarda enerji və təyyarə sazişlərini gündəmə gətirdi

İran rəsmisi ABŞ-la aparılan nüvə danışıqlarında neft-qaz, mədənçilik və təyyarə alışı sahələrində mümkün əməkdaşlığın müzakirə olunduğunu açıqlayıb. Tərəflər Cenevrədə növbəti görüşə hazırlaşır.

43

İran ABŞ-la davam edən nüvə danışıqları çərçivəsində enerji, mədənçilik və mülki aviasiya sahələrində mümkün razılaşmaların müzakirə olunduğunu açıqlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə rəsmisi Həmid Qənbəri yerli mediaya bildirib.

Onun sözlərinə görə, razılaşmanın davamlı olması üçün hər iki tərəf iqtisadi baxımdan fayda əldə etməlidir. Qənbəri qeyd edib ki, danışıqlarda neft və qaz yataqları, birgə enerji sahələri, mədən investisiyaları və hətta təyyarə alışı kimi mövzular gündəmdədir. Tehran hesab edir ki, 2015-ci il nüvə sazişi ABŞ üçün kifayət qədər iqtisadi dividendlər təmin etməmişdi.

İran və ABŞ nümayəndə heyətlərinin çərşənbə axşamı Cenevrədə növbəti raund görüşünün keçirməsi planlaşdırılır. Məlumata görə, ABŞ tərəfini xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək. Danışıqlar ikitərəfli formatda aparılır və Oman vasitəçi rolunu oynayır.

ABŞ dövlət katibi Marko Rubio Bratislavada keçirdiyi mətbuat konfransında bildirib ki, Prezident Donald Tramp diplomatik həll yoluna üstünlük verir. Onun sözlərinə görə, Vaşinqton razılaşma əldə etməyə çalışacaq.

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi isə BBC-yə açıqlamasında Tehranın sanksiyaların ləğvi müqabilində nüvə proqramı üzrə müəyyən güzəştlərə hazır olduğunu deyib. O, yüksək zənginləşdirilmiş uranın azaldılması məsələsinin müzakirə oluna biləcəyini, lakin uranın zənginləşdirilməsinin tam dayandırılmasının Tehran üçün qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Prezident Tramp ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxarmış və İrana qarşı sərt sanksiyaları bərpa etmişdi. Hazırda tərəflər arasında diplomatik səylər davam etsə də, Vaşinqton bölgəyə əlavə hərbi qüvvələr göndərib və danışıqların nəticəsiz qalacağı təqdirdə alternativ ssenariləri də nəzərdən keçirir.