İran ABŞ ilə nüvə danışıqlarının bərpası üçün bir sıra şərtlər irəli sürüb. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, Tehran danışıqların yenidən başlaması üçün ilk növbədə İrana qarşı hərbi hücumların təkrarlanmayacağına dair rəsmi təminat tələb edir. Bundan əlavə, İran tərəfi əvvəlki hücumlar nəticəsində dəymiş zərərə görə təzminat ödənilməsini də şərt kimi irəli sürüb.
Tehran həmçinin ölkənin öz ərazisində yerləşən nüvə obyektlərində tam nüvə yanacaq dövriyyəsi hüququnun tanınmasını tələb edir. İran rəsmiləri daha əvvəl də bildirmişdilər ki, Vaşinqtonla danışıqlar yalnız bərabər şərtlər və təhlükəsizlik təminatları olduqda mümkün ola bilər.
Qeyd edək ki, son aylarda ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların bərpası məsələsi regionda gərginlik fonunda yenidən gündəmə gəlib.