İordaniya kralı II Abdullah ilə Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə İordaniya Kral Ofisi yazılı açıqlama yayıb. Bildirilib ki, tərəflər Yaxın Şərqdəki son hadisələri və artan hərbi gərginliyi müzakirə ediblər.
Açıqlamaya əsasən, Kral II Abdullah regionda sabitliyin bərpası və sülhün təmin olunması üçün genişmiqyaslı və davamlı de-eskalasiya səylərinə ehtiyac olduğunu vurğulayıb. O, gərginliyin azaldılmasının regional təhlükəsizlik və humanitar vəziyyət baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Son üç gündə İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Oman, Küveyt, Suriya və İraq İranın ABŞ-İsrail hücumlarına cavab olaraq həyata keçirdiyi zərbələrin hədəfinə çevrilib.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İran ərazisinə hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq həm İsrail ərazisinə, həm də ABŞ hərbi bazalarının yerləşdiyi bəzi region ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Hücumlar nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli rəsmilərin həlak olduğu bildirilir. İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, bombardmanlar nəticəsində 555 nəfər həyatını itirib, 747 nəfər yaralanıb.